Tokayev Nazarbayevin xalqa müraciət etmək hüququnu ləğv etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin keçmiş prezidenti Nursultan Nazarbayevə ömürlük verilmiş mühüm xarici siyasət səlahiyyətini ləğv edib.

Azpost.info xəbər verir ki, bununla bağlı Qazaxıstanın 2020–2030-cu illər üzrə xarici siyasət konsepsiyasına dəyişikliklər edilib.

Tokayevin avqustun 14-də imzaladığı fərman “Ədliyyə” informasiya-hüquq sistemində dərc olunub və imzalandığı gün qüvvəyə minib.

Dəyişikliklərə əsasən, Nazarbayevə “tarixi missiyasına görə” ömürlük verilmiş xarici siyasətin ən mühüm məsələləri ilə bağlı təşəbbüslərlə çıxış etmək hüququ konsepsiyadan çıxarılıb.

Bununla yanaşı, sənəddən “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Konstitusiya Qanununa istinad da götürülüb.

Yenilənmiş konsepsiyada Qazaxıstanın çoxvektorlu, praqmatik və fəal xarici siyasət yürüdəcəyi vurğulanır. Sənəddə əsas prioritetlər sırasında ölkənin milli maraqlarının, müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması göstərilir.

Xaricdə yaşayan Qazaxıstan vətəndaşlarının maraqlarının müdafiəsi, ölkənin xarici siyasət təşəbbüsləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması və cəmiyyətin xarici mənfi təsirlərə qarşı dayanıqlığının artırılması da prioritetlər sırasındadır.

Dəyişikliklər xarici siyasət kursunun həyata keçirilməsində Qurultay və parlamentin rolu ilə bağlı müddəalara da toxunub.

Beləliklə, Tokayevin imzaladığı yeni fərman Qazaxıstanın xarici siyasət konsepsiyasında Nazarbayevin xüsusi və ömürlük statusuna dair qalan müddəaların da aradan qaldırılması baxımından diqqət çəkir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.