“Tramp Ağ Evdən xoşluqla çıxmasa polis zorla çıxaracaq” –

ABŞ universitetinin professoru Spitzer
08 Noyabr 2020 - 01:14

Nyu York Dövlət Universiteti politologiya fakültəsinin professoru Robert J. Spitzer 2020-ci il ABŞ prezident seçkisi barədə Azadlıq Radiosuna müsahibə verib.

Politoloq deyib ki, seçki yarışının bu qədər gərgin keçməsi onun üçün həm gözlənilməz, həm də gözlənilən olub.

Spitzer bildirib ki, artıq bu seçkinin səsvermə günündə onun nəticələrinin dərhal məlum olmayacağı bəlli idi. Bu ilk növbədə çox sayda səsin poçt vasitəsilə verilməsi ilə bağlı idi.

Politoloq qeyd edib ki, seçki yarışında nəticələr rəy sorğularının nəticələrində olduğundan da yaxın idi.

Co Baydenə səs verənlərin əsasən kimlər olduğu barədə suala cavabında politoloq deyib ki, 2016-cı il seçkisində demokrat namizədi əsasən iri şəhərlərdə daha çox dəstəkləmişdilər.

Lakin Robert J. Spitzer əlavə edib ki, Bayden ucqarlarda da, əsasən qadınların səslərinə sahiblənə bilib.

Politoloq bildirib ki, Donald Tramp ümumən dörd il bundan əvvəl topladığı səsdən daha çox səs yığıb. Amma bununla belə o Arizona ştatında meksikalı amerikalıların səslərini toplaya bilməyib.

Amerika əsas dünya oyunçusu olsa da…

2016-cı ilin seçkisində Donald Trampı dəstəkləyənlərin böyük bir qismi ABŞ-ın xarici münaqişələrə çox da müdaxilə etməsini istəməyənlər idi.

Professor Spitzer düşünür ki, Amerikada tarixən təcridçilik, yəni ölkənin dünya işlərinə o qədər də qarışmaması populyar ideya olub:

“Məsələn prezident Franklin Ruzvelt Birləşmiş Ştatların II Dünya Müharibəsinə müdaxiləsini istəyirdi, amma cəmiyyət buna razı deyildi və Konqresdə bir çoxları bu ideyaya müqavimət göstərirdi. Əslində 1944-cü ilin dekabrında Perl Harbora hücum Amerikanı müharibəyə cəlb etdi…”

Politoloq düşünür ki, II Dünya müharibəsindən sonra ABŞ beynəlxalq meydanda əsas oyunçu olsa da, amerikalılar bundan həmişə nigaran olublar və bu, hər iki partiyaya rəğbət göstərənlərə aiddir.

“Son yüz ildə belə presedent olmayıb”

Prezident Donald Trampın seçkinin saxtalaşdırlılmasına dair iddiaları və bunun ABŞ tarixində presedenti olub-olmadığı barədə suala cavab verən politoloq deyib ki, ölkə inkişaf etməkdə olduğu dövrlərdə belə hallar olub, amma 20-ci əsrdə və xüsusilə də son yüz ildə belə iddialar səslənməyib.

Spitzer əlavə edib ki, bütün səslərin 60 faizinin poçtla verildiyi nəzərə alınarsa, ölkədə səsvermə ümumən normal keçib.

Prezident Tramp kampaniyasının hüquqi müstəvidə çəkişmə əsnasında Ali Məhkəməyədək çata biləcəyinə dair suala cavab olaraq politoloq deyib ki, o bu sayaq vəsatətlərin real nəticəsi olacağına inanmır.

“Texniki problem” yaranarsa

Lakin prezident Tramp bundan əvvəl məğlubiyyətini qəbul etməyəcəyinə dəfələrlə işarə edib.

Əgər o vəzifəsini tərk etməyə razı olmasa, nələrin baş verə biləcəyi barədə suala cavab verən Spitzer deyib ki, tarixən ABŞ-da belə bir presedent olmayıb:

“Lakin belə bir texniki problem yaranarsa, mümkündür ki, federal hüquq-mühafizə orqanları öz rolunu oynayacaq. Başqa sözlərlə Kolumbiya Rayonu polisi Ağ Evin boşaldılmasını təmin edəcək ki, yeni sahib ora köçə bilsin”.

Lakin burası da var ki, Tramp milyonlarla insanın dəstəyinə malikdir. Bu, öz növbəsində zorakılıqlara yol aça bilərmi?

Bu suala cavabında Spitzer deyib ki, nəzəri baxından zorakılıqlar ola bilər: “Amma mən düşünmürəm ki, belə bir hal ölkəboyu miqyası alsın. Mən düşünürəm ki, amerikalılar onların silahlı olması barədə geniş yayılmış fikrə rəğmən dinc insanlardır. Onlar hətta 2000-ci ildə olduğu kimi ziddiyyətli seçki sonrasında da hakimiyyətin dinc şəraitdə ötürülməsinə öyrəncəlidirlər”.