Tramp Türkiyədən gizli təyyarəyə ilə aparılıb?– Sui-qəsd iddiası

ABŞ Prezidenti Donald Trampın NATO-nun Ankara sammitindən sonra Böyük Britaniyaya səfəri zamanı təhlükəsizlik səbəbilə gizli şəkildə başqa təyyarəyə keçirildiyi iddia olunur. Məlumata görə, ABŞ xüsusi xidmət orqanları İran tərəfdarı qruplardan mümkün sui-qəsd təhdidi barədə narahatlıq keçirib.

“Washington Post”un yazdığına görə, Tramp əvvəlcə jurnalistlərin qarşısında “Air Force One” təyyarəsinə minib. Lakin bundan bir neçə dəqiqə sonra aeroportda ərzaq və digər təchizatın daşınması üçün istifadə olunan yük maşınının köməyi ilə daha kiçik C-32A hərbi təyyarəsinə keçirilib.

Trampın təyyarəsi gizli dəyişdirilib

Qəzetin məlumatına əsasən, Tramp və ABŞ-ın müharibə naziri Pit Heqset Böyük Britaniyaya məhz C-32A ilə uçublar.

Uçuş zamanı təyyarənin transponderlərinin söndürüldüyü və uçuşun “Reach 18” hərbi çağırış kodu ilə həyata keçirildiyi bildirilir.

Tramp Böyük Britaniyadakı Mildenhall aviabazasına çatdıqdan sonra yenidən əsas prezident təyyarəsinə keçib və bundan sonra jurnalistlərin qarşısına çıxıb.

Səbəb İran tərəfdarı qrupların təhdidi olub?

ABŞ administrasiyası əvvəlcə uçuş zamanı hər hansı dəyişiklik edilmədiyini açıqlayıb. Lakin “Washington Post”un məlumatında Trampın İran tərəfindən mümkün sui-qəsd təhlükəsi ilə üzləşdiyinə dair narahatlıqların gizli təyyarə dəyişikliyinə səbəb ola biləcəyi qeyd olunur.

Məlumat hələlik ABŞ administrasiyası tərəfindən bu formada rəsmi şəkildə təsdiqlənməyib.

Hadisənin diqqət çəkən tərəfi ondan ibarətdir ki, prezidentin təyyarəsinin dəyişdirilməsi ictimaiyyət və media qarşısında deyil, aeroportda logistika əməliyyatı görüntüsü altında həyata keçirilib. Bu isə təhlükəsizlik protokollarının yüksək səviyyədə məxfi saxlanıldığını göstərir.

Qeyd edək ki, NATO-nun 36-cı dövlət və hökumət başçıları zirvə toplantısı 7–8 iyul 2026-cı ildə Ankarada keçirilib. Sammitdən sonra Trampın Böyük Britaniyaya səfəri zamanı baş verdiyi iddia edilən bu hadisə ABŞ prezidentinin təhlükəsizliyi ilə bağlı yeni suallar yaradıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.