ABŞ Prezidenti Donald Tramp 3 noyabr prezident seçkisini uduzarsa hakimiyyətin dinc keçidini qəbul etməyə boyun olmur.
“Görək nə baş verəcək”, – Tramp sentyabrın 23-də hakimiyyətin dinc transferi haqda suala cavabında belə deyib.
“Bu məni təəccübləndirmir”
“Bilirsiniz ki, bülletenlərdən çox şikayətçiyəm, bülletenlər bir bəladır”, – prezident vurğulayıb. O, seçkinin nəticəsinin ABŞ Ali Məhkəməsinə çıxarıla biləcəyini deyib, poçtla səsverməni yenidən şübhə altına alıb.
Bir çox ştatlar amerikalıların koronavirusdan qorunması üçün poçtla səsverməni təbliğ edir.
Hakimiyyətdə olan prezidentin Amerika demokratiyasının seçki prosesinə tam etimad sərgiləməməsi qeyri-adi hal sayılır.
Tramp dörd il öncə də demokratlardan rəqibi Hilari Klinton seçkini qazanarsa nəticəni qəbul edəcəyilə bağlı öhdəlik götürməmişdi.
Onun demokrat rəqibi Co Bayden sentyabrın 23-də belə bəyanat verib: “Bu seçkinin taleyini Amerika xalqı həll edəcək. Birləşmiş Ştatlar hökuməti qanunu pozanları Ağ evdən yola salmağa tam qadirdir”.
Baydendən də Trampın dediklərinə münasibət soruşublar. “Hansı ölkədə yaşayırıq. Mən əylənirəm. Baxın, o, ən irrasional şeylər söyləyir. Bilmirəm bu haqda nə deyim. Amma bu məni təəccübləndirmir”, – Bayden deyib.
“Bunsuz Belarus olarıq”
Respublikaçı partiyasında Trampın nadir tənqidçisi sayılan Senator Mit Romni isə deyib ki, konstitusiyanın əsas təminatıyla bağlı tərəddüd “ağlasığmaz və qəbuledilməzdir”.
“Demokratiyanın kökündə hakimiyyətin dinc transferi dayanır; bunsuz Belarus olarıq”, – Romni tvitində yazıb.
İyulda verdiyi müsahibədə də Tramp nəticələri qəbul edəcəyini birmənalı deməmişdi.
“Baxarıq… Buna baxarıq”, – Tramp “Fox News” televiziyasına müsahibəsində söyləmişdi.
“Xeyr, sadəcə ‘hə’ deməyəcəyəm. ‘Yox’ da deməyəcəyəm, sonuncu dəfə də bunu etmədim”, – o demişdi.
Amerika Vətəndaş Azadlıqları Birliyi də Trampın dediklərinə etiraz edib. “Hakimiyyətin dinc transferi işlək demokratiya üçün vacibdir. Birləşmiş Ştatlar prezidentinin bu bəyanatı hər bir amerikalını narahat etməlidir”, – qurumun milli hüquq direktoru Deyvid Koul söyləyib.
Tramp 2016-cı il seçkisi öncəsi də oxşar bəyanatlar səsləndirmişdi.(Azadlıq Radiosu)