ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazı ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün Fars körfəzi ölkələri ilə keçirməyi planlaşdırdığı görüşün onu maraqlandırmadığını bildirib.
AFP xəbər verir ki, Tramp bunu Vaşinqtonla Tehran arasında davam edən münaqişə fonunda İrlandiyaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistlərdən biri bazar ertəsi Omanda keçirilməsi planlaşdırılan görüş barədə soruşub.
“Mənə fərqi yoxdur. Bu, onların işidir”, – Tramp cavab verib.
ABŞ Prezidenti həmçinin İranla müharibənin bu il başa çatacağını gözlədiyini bir daha bildirib. Onun sözlərinə görə, münaqişə noyabrda ABŞ-da keçiriləcək aralıq seçkilərindən qısa müddət sonra başa çata bilər. Tramp hesab edir ki, bundan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək.
“İran müharibəni dərhal sonra – bəlkə də ondan əvvəl, amma dəqiq olaraq aralıq seçkilərdən qısa müddət sonra başa çatdıracaq. Benzinin qiyməti çökəcək”, – deyə Tramp bildirib.
O, həmçinin İranın ABŞ-la razılaşma əldə etmək üçün guya israr etdiyini və Vaşinqtona bununla bağlı davamlı müraciətlər göndərdiyini iddia edib.
“Bir şeyi deyim: İran razılaşma əldə etməyi çox istəyir. Onlar daim zəng edirlər. Razılaşmaq istəyirlər. Amma razılaşma düzgün olmalıdır. Bizə sərf etməyən saziş bağlamayacağam”, – ABŞ Prezidenti vurğulayıb.