ABŞ Prezidenti Donald Trampın oğlu və “The Trump Organization” şirkətinin icraçı vitse-prezidenti Erik Tramp gələn həftə Tbilisiyə səfər edəcək.
“Новости Грузия”nın məlumatına görə, Erik Tramp Gürcüstan paytaxtında “Trump Tower Tbilisi” layihəsinin rəsmi təqdimat mərasimində iştirak edəcək.
Təqdimatın kifayət qədər genişmiqyaslı olacağı bildirilir. Yalnız beynəlxalq qonaqlar və investorlar üçün nəzərdə tutulan qapalı qala gecəsinə 1 milyon dollardan çox vəsait xərclənəcəyi gözlənilir.
Gürcüstanın ən hündür binası olacaq
“Trump Tower” Tbilisidə keçmiş ippodromun ərazisində yaradılması planlaşdırılan The Downtown Tbilisi kompleksinin mərkəzi qülləsi olacaq.
Kompleks ümumilikdə altı göydələndən ibarət olacaq.
Layihəyə əsasən, “Trump Tower”ın hündürlüyü təxminən 259 metr, mərtəbələrinin sayı isə 70-ə qədər olacaq.
Tikinti elan edilən formada həyata keçirilərsə, bu bina Gürcüstanın ən hündür tikilisi olacaq.
Layihəyə 2 milyard dollar yatırılacaq
The Downtown Tbilisi kompleksinə ümumi investisiyanın təxminən 2 milyard dollar olacağı bildirilir.
Yalnız “Trump Tower”ın birbaşa tikinti xərclərinin isə 200 milyon dollardan çox olacağı gözlənilir.
Mənzillərin qiymətləri də layihənin miqyasına uyğun müəyyənləşdiriləcək.
İlkin satış mərhələsində daşınmaz əmlakın bir kvadratmetrinin qiymətinin 7-10 min dollar olacağı bildirilir.
Qüllənin ən yüksək mərtəbələrində isə qiymətin 15 min dollara qədər yüksələcəyi gözlənilir.
Qülləni Gensler layihələndirir
“Trump Tower” layihəsinin memarlığını beynəlxalq memarlıq bürosu Gensler həyata keçirir.
Baş podratçının isə böyük ehtimalla Türkiyə və ya Azərbaycandan olan iri tikinti şirkətlərindən biri seçiləcəyi bildirilir.
Torpaq İvanişvilinin ailə fondundan alınıb
Layihənin həyata keçiriləcəyi torpaq sahəsi Gürcüstanın sabiq baş naziri və milyarder Bidzina İvanişvilinin ailəsinə məxsus fonddan alınıb.
“The Wall Street Journal”ın məlumatına görə, torpağa görə ümumi ödənişin məbləği 85 milyon dollara qədər olub.
Məlumata əsasən, sövdələşmə üzrə yekun ödəniş bu ilin iyul ayında başa çatıb.
Beləliklə, Tbilisidə reallaşdırılması planlaşdırılan “Trump Tower” layihəsi həm hündürlüyünə, həm investisiya həcminə, həm də nəzərdə tutulan daşınmaz əmlak qiymətlərinə görə Gürcüstanın ən iddialı tikinti layihələrindən birinə çevrilə bilər.