Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona son səfəri ABŞ Prezidenti Donald Trampın ritorikasında ciddi dəyişikliklə yadda qalıb. Almaniyanın “BILD” qəzeti və “Financial Times” nəşri yazır ki, Tramp artıq Zelenskini yardım istəyən lider kimi deyil, bərabərhüquqlu strateji tərəfdaş kimi qəbul edir.
Nəşrlərin təhlilinə görə, təxminən il yarım əvvəl Ağ Evdə Ukrayna liderinə münasibət daha sərt idi. Lakin bu dəfə vəziyyət fərqli olub. ABŞ tərəfinin diqqətini Ukrayna ordusunun cəbhədə əldə etdiyi nəticələr və uzaqmənzilli zərbələri cəlb edib.
Görüş zamanı Ukrayna nümayəndə heyəti ABŞ-a Rusiya ilə İran arasında hərbi əməkdaşlığa dair kəşfiyyat məlumatları təqdim edib. Bildirilir ki, Moskva Tehrana ABŞ-ın strateji hədəflərinin müəyyənləşdirilməsində yardım göstərib.
Bundan əlavə, Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatlarının Xəzər dənizində Rusiya ordusu üçün silah daşıyan İran gəmisinə uğurlu zərbə endirməsi də Vaşinqtonda böyük maraq doğurub. Ekspertlər hesab edirlər ki, bu əməliyyat Ukraynanın imkanlarının regional sərhədləri aşdığını nümayiş etdirib.
“Financial Times” yazır ki, bu görüş Donald Trampın ikinci prezidentlik dövrü başlayandan bəri Kiyev üçün ən uğurlu danışıqlardan biri olub. Tərəflər hava hücumundan müdafiə sistemləri üçün Patriot raketlərinin birgə istehsalına dair lisenziyaları da müzakirə ediblər.
Məlumata görə, Trampın mövqeyinin dəyişməsində ABŞ və Ukrayna komandaları arasında davamlı təmaslar, həmçinin Rusiya Prezidenti Vladimir Putinin kompromisə getmək istəməməsi ilə bağlı artan narazılığı da mühüm rol oynayıb.
Yaxın vaxtlarda ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin ilk dəfə Kiyevə səfər edərək sülh təşəbbüslərini müzakirə edəcəyi gözlənilir. Bu səfərin münaqişənin diplomatik həlli istiqamətində yeni mərhələ ola biləcəyi bildirilir.
Məqalədə daha bir maraqlı məqama diqqət çəkilir. Trampın radikal sağçı tərəfdarlarından olan fəal Laura Lumer Ukraynaya səfərindən sonra mövqeyini dəyişib. Donald Tramp isə onun Zelenski ilə müsahibəsini “Çox yaxşı!” qeydi ilə paylaşıb.
Nəşrlər qeyd edir ki, Trampın komandasında Ukrayna məsələsinə münasibətdə fikir ayrılıqları qalsa da, Vaşinqtonla Kiyev arasında praqmatik yaxınlaşma tendensiyası getdikcə daha aydın görünür.