Turisti bol, infrastrukturu olmayan İlisu –"Qışda ümumiyyətlə, iş olmur" (VİDEO)

Qax rayonundakı İlisu kəndi bu regionun ən çox turist axını olan yerlərindən biridir. İki dağın arasında və Kürmük çayının sahilində yerləşən kəndə gələnlər Ramramay şəlaləsini görmədən buranı tərk etmirlər. Lakin həmin şəlalənin axdığı yerə qalxmaq elə də asan məşğuliyyət deyil, çünki oraya aparan yol yalnız ekstremal səyahət həvəskarlarını razı sala bilər.

Sovet dövrünün maşınları və sürücü növbəsi

Ramramaya qalxmaq istəyənlər yerli sakinlərin xidmətlərindən istifadə edir. Yolu yaxşı tanıyan və xüsusi yolsuzluq avtomobili olan bu şəxslərin toplaşdığı sahə təxminən İlisu kəndinin bitdiyi yerdədir.

Şəxsi avtomobili ilə gələn turistlər maşınlarını burada qoyub, yolun qalan hissəsini sovet dövrlərindən qalan “Villis”lərlə (UAZ-469) qət edirlər. Şəlaləyə qalxıb düşmək üçün qiymət elə də yüksək deyil – sürücülərin təyin etdiyi qiymət 15 manatdır.

Jurnalist olduğumuzu deyib, yolüstü sürücü ilə söhbət etmək istədiyimizi, buna görə həmin sürücünü mükafatrlandıracağımızı da bildirdik. Sürücülər dağa növbə ilə qalxdıqlarından, bu məsələdə bir az çətinlik yarandı. Növbədə olan sürücü müsahibə vermək istəmədiyini dedi və qısa məşvərətdən sonra bizimlə söhbətə razılaşan sürücü növbədə birinci sıraya keçirildi, elə onun maşınına da əyləşdik.

Deputat qonaq və unudulmuş xahiş

Ramramay şəlaləsinə hər gün maşınla turist daşıyan Qalib Ramazanov İlisu kənd sakinidir. İlk yaydır ki, bu işdə çalışır. Lakin qeyd edir ki, bu işdə 10-15 ildir çalışanlar da var. Onun əsl peşəsi evlərdə təmir işləridir:

“Bu il maşın aldım ki, bu işdən də qazanıb ailəmi dolandırım. Nə iş oldu, görməyə çalışıram. Hər gün axşama kimi burada oluram. Növbə ilə işləyirik. Maşın çoxdur, yollar pis vəziyyətdədir. Yollara baxan yoxdur, özümüz əllə təmizləyirik. Gənclər şəlaləyə özbaşına qalxmaq istəyəndə deyirik çıxmasınlar, yollar pisdir, qulaq asmırlar. Yıxılırlar, ürəyimiz üzülür. Üzüaşağı qayıtmaq çox çətindir. Şəhərdən gəlirlər, başa düşmürlər”.

Qabil qeyd edir ki, bu müddət ərzində tanınan insanları da şəlaləyə çıxarıb. Deputat Azər Kərimli onlardan biridir. Sürücülər deputatdan yolları düzəltməyi, təmizləməyi xahiş etsələr də, heç bir iş görülməyib:

“Hər yerə müraciət etmişik. Kəndin bələdiyyəsinə qədər. İlisuda tək-tük görməli yerlərdən biri bu şəlalədir. Gələn turistlər çıxıb baxmaq, şəkil çəkdirmək istəyirlər. Lakin maşınlarımız dağılır, yollar pis gündədir. Başqa görməli yerlərdən biri də sağlamlıq üçün faydalı kükürdlü su olan təbii dağ hamamıdır. Şəlalədən 6 kilometr aralıdadır. Lakin ora da yol yoxdur. Özümüz birtəhər yol düzəltmişdik, onu da sel dağıtdı. Turistlər narazılıq edirlər”, – müsahibimiz bildirib.

“Qışda kənddə, ümumiyyətlə, iş olmur”

Qabil deyir ki, istifadə etdikləri maşınların bazar qiyməti 2-3 min manatdır. Bu maşınlar da yollara sadəcə bir ay tab gətirə bilir, sonra sıradan çıxırlar. Tez-tez yağış yağdığına görə yay boyunca cəmi bir ay bu işdə pul qazana bilirlər. Hər sürücü gün ərzində 4-5 dəfə şəlaləyə qalxıb düşür. Sürücünün sözlərinə görə, elə günlər olur ki, bir qonaq olur, ya yox.

Qabil rayonda iş yerlərinin olmamasından şikayətlənir:

“Yay vaxtı hara gedək? Evdə uşaqlar ac qalmasın deyə, haradan oldu çörək pulu qazanmağa çalışırıq. Qış da gələndə, ümumiyyətlə, iş yoxdur. Biri çoban işləyir, biri qoyun-quzu otarır. Zavod yox, fabrik yox. Əvvəllər taksidə işləyirdik, indi o qədər taksi xidməti peyda olub ki, sərnişinləri onlar daşıyır.

İki oğlum var, əsgərlikdən gəlib oturublar evdə. Məndən pul alırlar. Nə işləsinlər? Kənddə cavan uşaqların işi yoxdur. Qarabağı alıb gələn uşaqlar kənddə hansısa vətənini tanımayan oğlanın qabağına yemək, çay qoyur. Utanırlar, çəkinirlər, özlərinə sığışdıra bilmirlər. Hələ atası xəstə olanlar, valideyni olmayanların vəziyyəti lap pisdir. Əkin yox, yer yox. Həyətdə iki kartof əkəcək yerimiz yoxdur. Ot baha, mal-qara saxlaya bilmirsən, pul yoxdur, otara bilmirsən. Nə edək? Çıxıb hara gedək?”

“Həyətdəki heyvanları yırtıcı quşlar aparır”

“Bəzi kənd sakinləri həyətlərində ev heyvanları saxlayır. Amma o da çətindir. Toyuq-cücəni ya yırtıcı quşlar aparır, ya da meşədən gecə vaxtı gələn çaqqallar məhv edir.

Bəzi gənclər çarəni Bakıya getməkdə görür, amma Bakıda qazanılan pul elə orada da qalır. Kirayə pulu ödəyirlər, yemək xərci… Yəni kəndə o puldan heç nə gəlmir, elə ancaq öz başlarını götürüb gedirlər”, – Qabil şikayətlənir.

Turizm infrastrukturu yoxdur

Ramramay şəlaləsinin axdığı təbii meydançada turistlər hərə özü bildiyi kimi əylənir. Yəni kimisi sürücülərin təhlükəli olduğunu demələrinə baxmayaraq, hər an uçqun baş verə biləcək zonada şəkil çəkdirir, kimisi də sadəcə ətrafı seyr edir.

Yəni regional turizmin inkişafı adına burada heç bir şeyə rast gələ bilməzsiniz. Yolların bərbad olması, turistlərin şəlaləyə qalxıb-enməsinin sırf yerli sakinlərin təşəbbüsü ilə təşkili belə deməyə əsas verir ki, burada turistlərin istirahətinin təşkili onların öz problemidir.

Sevgi İsmayılbəyli

JAMnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

UEFA Azərbaycan klublarına 1,2 milyon avro ayırıb

Sonrakı məqalə

Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı