“Qoşulmama Hərəkatı rasizmə, dekolonializmə qarşı mübarizədə çox səmərəli olub. Bu, mübahisələrin sülh yolu ilə həllini, daha yaxşı qlobal nizamı təşviq edir. Türkiyə də QH-nin prinsiplərini təşviq edir, dəstəkləyir”.
Bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Hakan Fidan çıxışında QH-ya çətin zamanda uğurlu sədrliyinə görə Azərbaycanı təbrik edib, həmçinin Uqandaya gələcək sədrlikdə uğurlar arzulayıb.
“Qlobal qeyri-bərabərsizlikdən danışarkən Fələstində baş verənləri unutmamalıyıq. İsrail tərəfindən provokasiyalar qəbulolunmaz səviyyədədir. Bilirik ki, QH bu məsələdə həssasdır, Fələstinin suveren müstəqil ölkə kimi mövcudluğu Yaxın Şərqdə sülh üçün yeganə yoldur”, – Hakan Fidan qeyd edib.
Türkiyə XİN rəhbəri Avropanın bəzi ölkələrində İslamafobiyanın artdığını da diqqətə çatdırıb və vurğulayıb ki, bu istiqamətdə birgə işləmək lazımdır.