Türkiyədə avtobus qar uçqunu altında qaldı –

4 nəfər ölüb, 5 nəfər yaralanıb
05 Fevral 2020 - 08:30

Türkiyənin şərqində yerləşən Van vilayətində baş verən qar uçqunu nəticəsində bir mikroavtobusda olan azı dörd sərnişin ölüb, daha beş nəfər yaralanıb.

“Anadolu” agentliyi xəbər verir ki, hadisə Van-Bağçasaray magistral yolunda baş verib.

Məlumata görə, həmin yolda qartəmizləyən maşın işləyirmiş. Qəfildən uçqun olub və qar təbəqəsi avtomobilin üstünə tökülüb. Nəticədə mikroavtobus 40 metr yüksəklikdən uçuruma düşüb.

Əraziyə xilasedicilər cəlb olunub. Avtomobildə olan beş nəfər yaralı halda çıxarılaraq xəstəxanaya çatdırılıb. Dörd nəfərinsə cəsədi çıxarılıb.

Xilasedicilər daha dörd nəfərin qar uçqunu altında qaldığını ehtimal edir. Xilasetmə işləri davam etdirilir.