Türkiyədə koronavirusa yoluxmuş 107 yaşlı qadın sağalıb

18 Aprel 2020 - 23:39

İstanbul sakini koronavirusa qalib gəlmiş dünyanın ən yaşlı sakinlərindən biridir.

“Anadolu” xəbər verir ki, 107 yaşlı Havahan Karadeniz aprelin 7-də güclü öskürək və yüksək hərarətlə İstanbul elmi-tədqiqat klinikasına yerləşdirilib. Qadının koronavirus testi müsbət nəticə verib.

Bildirilir ki, 107 yaşlı qadının müalicəsi bir həftə çəkib. Həkimlərin sözlərinə görə, Karadeniz güclü immuniteti sayəsində xəstəliyə güc gəlib. Hazırda o, evində 14 günlük karantindədir. Hazırda nəvəsi Ender Çıraq da onun yanında qalıb qulluq edir.

Qeyd edək ki, bu, yaşlı insanların yeni növ koronavirusa yoluxduqdan sonra sağalması ilə bağlı ilk belə fakt deyil. Bundan əvvəl eyni virusa qalib gəlmiş Niderlandın şimalındakı kiçik kəndlərin birindən olan Korneliya Ras da 107 yaşındadır. 106 yaşlı britaniyalı Konni Titçen və 105 yaşlı ispaniyalı Evarista Rubio da koronavirusa qalib gələnlərdəndir.

İtaliyada nadir hallarda yaşlı insanların virusa yoluxduqdan sonra sağ qaldığı deyilsə də, sağalanlar arasında 104 və 102 yaşlı qadın, 101 yaşlı kişi, eləcə də 90 yaşdan yuxarı olan bir neçə şəxs də var.