“Türkiyənin Əfqanıstandakı missiyası NATO çərçivəsində olmayacaq”

17 İyul 2021 - 09:07

Türkiyənin hazırda 500-dək hərbiçisi Əfqanıstandadır. Türkiyə NATO missiyası çərçivəsində Əfqanıstandakı fəaliyyətini sentyabrın 11-dək davam etdirə bilər. Amma Türkiyənin Əfqanıstandakı missiyası daha NATO çərçivəsində olmayacaq, yeni mexanizm üzərində iş gedir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin diplomatik mənbələrindən verilən məlumatda deyilib.

Mənbədən bildirilib ki, Türkiyə hərbçilərinin Əfqanıstanda qalması üçün xüsusi hüquqi əsaslar hazırlanmalıdır: “Bunun üçün Əfqanıstan hökuməti bir dəvət məktubu yazmalıdır. Bunun əsasında da biz əfqan hökumətilə əməkdaşlığımızı davam etdirəcəyik. Hazırda NATO-nun Əfqanıstan üzrə xüsusi təmsilçisinin fəaliyyəti və kiçikmiqyaslı hərbi təlimlər xaric NATO-nun bu ölkədə 2001-ci ildən başlayan əməliyyatları artıq başa çatıb. Artıq Əfqanıstanda NATO mexanizmi çərçivəsində maddi, logistik və hərbi baxımdan dəstək verilməyəcək. Görünən budur ki, NATO müttəfiqləri Əfqanıstanla əlaqələri mərhələli və ikitərəfli şəkildə davam etdirmək istəyindədir. Bizim isə istəyimiz budur ki, Türkiyə bunu təkbaşına etməsin”.

Diplomat deyib ki, Əfqanıstanda daimi sülhün təmini Türkiyənin başlıca maraqları daxilindədir: “Əfqanıstandakı vəziyyətin sadəcə hərbi yolla həlli mümkün deyil. Türkiyə siyasi məsləhətləşmələrlə bu məsələnin həllinin tərəfdarıdır. Amma sülh Əfqanıstanın daxilində təmin olunmalıdır. 16 iyulda Əfqanıstandan doktor Abdullah Abdullahın başçılığı ilə Dohaya yüksək səviyyəli bir heyətin səfəri olub. “Taliban”la daha bir sülhə cəhdlər müzakirə olunacaq. “Taliban”ın bir sıra tələbləri var ki, bu da 7 min əsirin əvəzində 3 aylıq atəşkəs təklifi ilə bağlıdır.

Türkiyənin mövqeyi budur ki, Əfqanıstandakı hava limanının fəaliyyəti beynəlxalq standartların tələbləri çərçivəsində davam etsin. Əfqanıstan dənizə çıxışı olmayan, dəmir yolu çıxışı məhdudiyyətli və quru yolu təhlükəli vəziyyətdədir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı iyulun 15-də açıqladı ki, Əfqanıstanda 18 milyon insan yardıma ehtiyac duyur, bunun əksəriyyəti uşaqlardır. Bu, Əfqanıstan əhalisinin 50 faizini təşkil edir. Belə bir şəraitdə hava limanının aktiv işləməməsi Əfqanıstan üçün 1992-96-cı illərdə olduğu kimi böyük təhlükə yaradar”.

Mənbə bildirib ki, Əfqanıstandakı vəziyyətlə bağlı Türkiyənin digər ölkələrlə diplomatik görüşləri davam etsə də, ittifaq halında fəaliyyəti yoxdur: “Prezidentimiz də NATO Sammitində dedi ki, Əfqanıstanda daimi sülh olması üçün Pakistanın da bölgədə olması Əfqanıstanın gələcəyi baxımından çox önəmlidir. Bu o anlama gəlməməlidir ki, Türkiyə Pakistanla birgə əməkdaşlıq etmək istəyir. Bəzi mənbələrdə bu, yanlış anlaşılıb.

2020-ci il fevralın 29-da ABŞ-la “Taliban” arasında bağlanan müqaviləyə əsasən, ABŞ-ın Əfqanıstanda fəaliyyəti başa çatıb. Türkiyənin Əfqanıstanda qalması məsələsində Amerikanın bizə hansı məsələdə dəstəyi olacaq, bunun müzakirəsi davam edir. Rusiya və İranla da bu istiqamətdə danışıqlar aparılsa da, xüsusi bir əməkdaşlığımız yoxdur”.

Özbəkistanda “Mərkəzi və Cənubi Asiya: Regional əlaqələr, çağırışlar və fürsətlər” beynəlxalq sammitində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Əfqanıstan prezidenti Əşrəf Qani tərəfindən qəbul edildiyini vurğulayan mənbə deyib ki, görüşdə M.Çavuşoğlu Türkiyənin Əfqanıstandakı vəzifəsinin mahiyyəti barədə danışıb, Əfqanıstanla Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görüləcək işlərdən bəhs edib.

Mənbədən o da qeyd edilib ki, Türkiyənin Əfqanıstanda mövcudluğunda maraqları həm də qanunsuz miqrantlarla bağlıdır: “Əfqanıstanda 3,5 milyon insan yerindən edilmiş vəziyyətdədir, Əfqanıstan prezidenti beynəlxalq toplantılarda deyir ki, gərginlik davam edərsə, 10-12 milyon insan köç edə bilər. Əfqanıstan Suriya şablonu anlamında bizə çox ciddi problemlər yarada bilər. Türkiyənin Əfqanıstanda fəaliyyətləri əfqan xalqının rəğbətini qazanıb. Hətta “Taliban”la danışıqlarımızda bizə deyirlər ki, biz sizə güvənirik, sizin gizli bir niyyətinizin olmadığını bilirik, əfqan xalqının sizə rəğbəti var. Odur ki, Türkiyə Əfqanıstandakı bu nüfuzundan səmərəli şəkildə istifadə etmək istəyir”.