Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qurultayı başa çatıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeddinci qurultayı keçirilib.

Türkiyənin bütün vilayət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Ankarada keçirilən qurultayda Ədalət və İnkişaf Partiyasının sədri, Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Hakim partiyanın ötən dövrdə Türkiyənin ümumi həyatına gətirdiyi yeniliklərdən və inkişaf modeli barədə ətraflı məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan qarşıda duran vəzifələrdən bəhs edərək vurğulayıb ki, nəzərdə tutulan yeni Konstitusiya ölkədə bütün təbəqələrin maraq və hüquqlarını təmin edəcək.

Çıxışında Türkiyənin xarici siyasətinin istiqamətləri, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, terrorizmlə mübarizə məsələlərinə geniş yer verən Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə də toxunub. O, Qarabağ böhranını danışıqlar yolu ilə həll etmək üçün Azərbaycanın böyük səylər göstərdiyini, Ermənistanın isə dialoq imkanlarını pozan tərəf olduğunu vurğulayıb. Ermənistan ordusunun təxribatlarından danışan və torpaqlarımıza qarşı yeni hücumlar etməsini xatırladan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib: “Ermənistan yeni hücumlara başlayanda bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında olduq. Türkiyənin dəstəyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və dastanlara yazılacaq mübarizəsi ilə bu mənfur işğala son qoyuldu”.

Hazırda bölgədəki vəziyyət barədə də fikir və mülahizələrini bölüşən Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşma çərçivəsində başa çatması üçün prosesləri yaxından izləməkdə davam edəcəyik.

“İnandığın yolda addımla!” Ədalət və İnkişaf Partiyasının əvvəlki qurultaylarda irəli sürdüyü və həyata keçirdiyi şüarların davamıdır. Yeddinci qurultayı “Türkiyə üçün təhlükəsizlik və sabitlik” əzmi ilə toplamışıq”, -deyən Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi partiyanın 2003, 2006, 2009, 2012, 2015 və 2018-ci illərdə keçirilmiş qurultayların devizlərini xatırladıb. Dövlət başçısı diqqətə çatdırıb ki, Ədalət və İnkişaf Partiyası indiyədək bütün vədlərini, vəzifələrini həyata keçirib. O əminliklə ifadə edib ki, hakim Ədalət və İnkişaf Partiyası 2023-cü il seçkilərinə var qüvvəsi ilə hazır olacaq və xalqın etimadını qazanacaq.

“Türkiyənin yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı müzakirələr həm öz tariximizin, həm də müasirləşən dünyanın qəbul etdiyi şərtlər çərçivəsində tələb olunan reallıqdır. Millətimiz necə Konstitusiya arzu edirsə, biz də elə bir Konstitusiya istəyirik. Yeni Konstitusiya çevriliş tərəfdarlarının deyil, sözün əsl mənasında, millətin Konstitusiyası olmalıdır”, – deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlavə edib.

Qeyd edək ki, Türkiyədə “Cümhur İttifaqı” siyasi blokunda yer alan AKP ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyənin yeni Konstitusiyasının qəbulu ilə bağlı ümumi razılığa gəliblər. Ölkə qanunvericiliyinə görə, yeni Konstitusiya ümumxalq səsverməsi – referendum yolu ilə qəbul ediləcək. Hakimiyyət bəyan edib ki, yeni Əsas Qanun ölkənin bütün təbəqələrinin maraq və hüquqlarına cavab verməlidir.

Qurultayda Türkiyənin xarici siyasətinin istiqamətlərindən danışan dövlət başçısı deyib: “Qarşıdakı dövrdə dostlarımızın sayını artırıb münaqişələri aradan qaldırmaqla bölgəmizi sabitlik adasına çevirməkdə qərarlıyıq”. Partiya sədri əminliklə vurğulayıb ki, Türkiyə ABŞ, Rusiya, Avropa Birliyi və Ərəbistan coğrafiyasına qədər bütün ölkələrlə əlaqələri Türkiyənin mənafeləri çərçivəsində davam etdirməkdə israrlıdır.

Yeni qlobal siyasi və iqtisadi münasibətlər sferasında 2023-cü ilin hədəflərini açıqlayan dövlət başçısı əminliklə bildirib ki, qarşıda 2053-cü il və 2071-ci il üçün nəzərdə tutulan strategiyalar üçün güclü bir Türkiyə görünür.

Təşkilati məsələlərə baxan qurultay seçkili orqanlara səsvermə keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda bir gündə 1185 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Ərdoğan yenidən AKP sədri seçilib