Türkmənistan prezidenti konstitusiyaya dəyişiklikləri imzalayıb –

Berdımuhəmmədov ömürlük prezident olacaq?
26 Sentyabr 2020 - 09:43

Türkmənistanın lideri Qurbanqulı Berdimuhəmmədov konstitusiyaya dəyişiklikləri imzalayıb. Sərt nəzarətdə olan bu ölkədə sənədin detalları tam bəlli deyil.

Dövlət mediası sentyabrın 25-də Xalq Şurası və deputatların təsdiqindən sonra Berdimuxamedovun dəyişiklikləri imzalaması barədə xəbər yayıb. Prezident özü bir il öncə bu təkliflə çıxış etmiş, layihəni hazırlayan komissiyaya da özü başçılıq edirdi.

Parlamentin strukturu dəyişir

Türkmənistan vətəndaşlarının dəyişikliklərin konkret mahiyyətindən xəbəri yoxdur. Bircə bilinən odur ki, təkpartiyalı parlament olan Məclis Xalq Şurası ilə birləşəcək və ikipalatalı qurum yaradılacaq.

Xalq Məsləhəti adlı şura 2017-ci ildə Ağsaqqallar Şurasının əsasında təsis olunub. Berdimuxamedov bu orqanın sədridir.

Tənqidçilərin sözlərinə görə, Qurbanqulı Berdımuhəmmədov dəyişikliklərdən istifadə edərək özünün ömürlük prezidentliyini, sonucda hakimiyyətin oğluna və nəvələrinə keçməsini təmin etmək istəyir.

Bu ayın əvvəlində onlarla türkmənistanlı Vaşinqtonda, Hyuston və Pitsburqda yürüşlərə çıxaraq plana etiraz ediblər

Hökumətin tənqidçiləri və insan haqları qrupları 2006-cı ildə avtokrat lider Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gəlmiş Berdimuxamedovun narazıları susdurduğunu, ölkədə çox az dəyişikliklər etdiyini deyirlər.

Berdimuhəmmədov da mərhum sələfi kimi hakimiyyətinin saxlanmasında əsas məhsul və xidmətlərin əhaliyə güzəştli qiymətə satılmasından yararlanıb.