Türkmən prezidentinin oğlu ərzaq növbələrini qadağan edib –Min adamın 2 kilo ət üçün gözləməsi onu qəzəbləndirib

Türkmənistanda yerli icra hakimiyyətləri ərzağın dotasiya qiymətlərilə satıldığı dövlət mağazalarının qarşısındakı növbələri qadağan edib.

Azpost.info Azadlıq Radiosunun Türkmən xidmətinə istinadən bildirir ki, bu barədə göstərişi baş nazirin müavini Sərdar Berdımuhammedov verib.

O bəyan edib ki, ərzaq mağazalarının qarşısındakı növbələr onun atasını, yəni prezident Qurbanqulu Berdımuhammedovu gözdən salır.

Azadlıq Radiosunun müxbirlərinin verdikləri məlumata görə Türkmənabad şəhərində ərzaq növbəsinin dörd nəfərdən çox olmamasına göstəriş verilib.

Xəbərdarlıq edilib ki, bu qaydanı pozanlar növbədən çıxarılacaq və dərhal həbs ediləcəklər.

Bəzən toyuq budu da olur

Türkmənistan hökumətinin tənqidçiləri və insan haqları qrupları deyirlər ki, avtokrat Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gəlmiş Berdımuxammedov ölkədə fərqli düşüncəni və siyasi fəallığı boğur. Özünü Türkmənbaşı adlandıran Niyazov kimi Berdımuhammedov da hakimiyyətini möhkəmlətmək məqsədilə əsas ərzaq mallarının və kommunal ödənişlərin dotasiyalı qiymətlərinə güvənir.

Dövlət ərzaq mağazaları dotasiyalı malları yalnız səhər saat 6-dan 8-dək satır.

Adambaşına bir ayda 1 litr pambıq və ya günəbaxan yağı, 1 kilo qənd, və 1 kilo da düyü almaq icazəsi verilir. Bu mağazalarda bəzən yumurta və toyuq budu da satılır.

İki kilo ət və prezidentin portreti

Aprelin 13-də ölkənin cənubundakı Marı şəhərində minədək insan adambaşına 2 kiloqram donmuş ət almaq üçün saatlarla növbəyə dayanıb. Burada ətin kilosu 36 manatdır. Dövlətin qoyduğu məzənnə ilə 36 manat 10 dollar edir, amma bu pulun qara bazardakı qiyməti 1 dollardır.

Keçmiş sovet respublikası Türkmənistanda aylarla davam edən ərzaq qıtlığı adi hala çevrilib.

Ərzaq mağazalrında alıcılar başqa şeylər, məsələn prezidentin portretlərini də almağa məcbur edilə bilər.

Türkimənistan qaz ehtiyatlarına görə dünyanın dördüncü ölkəsi olsa da, əhali əsasən yoxsulluq içində yaşayır. Koronavirus pandemiyası vəziyyəti daha da gərginləşdirib. Hökumət isə həm koronavirus yoluxmalarını, həm də ölkədəki iqtisadi böhranı inkar edir.

Human Rights Watch insan haqları təşkilatı bildirir ki, Berdımuxammedov və onun ailəsi, habelə yaxın çevrəsi ölkədə həyatın bütün sferaları üzərində nəzarətə malikdirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən il dünya KİV-lərinin gəlirləri 112 milyard dolları ötüb

Sonrakı məqalə

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng etdi –