“Vaqner”in qurucusu Yevgeni Priqojin Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiyanın tutduğu ərazilərin bir hissəsini itirə biləcəyini proqnozlaşdırıb.
Azpost.info xəbər verir ki, Priqojin bunun qarşısını almaq üçün ona 200 min əsgər ayrılmasını istəyib.
“Vaqner bu gün yeganə tamhüquqlu ordu strukturudur. Təyyarələr, vertolyotlar, tanklar, artilleriya və lazım olan hər şeyilə nəsə etməyə qadirdir. Mənə 200 min adam lazımdır. Luqansk-Donetsk cəbhə xəttində 200 mindən az adam öhdəsindən gələ bilməyəcək. Biz bütün məsuliyyəti öz üzərimizə götürməyə hazırıq”, – deyən Priqojin yeganə problemin qoşunları silah və sursatla təmin etmək olduğunu bildirib.
O, prezident Vladimir Putini Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşçülər toplamaq üçün ümumi səfərbərlik elan etməyə çağırıb. Eyni zamanda, onların hazırlanmasının ən azı üç ay çəkəcəyini bildirib.
Eyni zamanda, Priqojin qeyd edib ki, təcili hərəkətə keçmək lazımdır, çünki Ukrayna Silahlı Qüvvələri artıq müdafiə xəttini yarıb.
O, bir daha Müdafiə Nazirliyini tənqid edib və bildirib ki, idarənin rəhbərliyi vəziyyətin ciddiliyini dərk etmir və düzəltmək iqtidarında deyil: “İdarəetmə yoxdur, planlaşdırma yoxdur, hazırlıq yoxdur, qarşılıqlı hörmət yoxdur. İndi biz ciddi itkilər verəcəyik, buna tam əminəm. Biz ehtimal ki, ərazilərin bir hissəsini itirəcəyik”.
Priqojinin sözlərinə görə, Baxmutun şimalındakı Razdolovka yaxınlığındakı mövqelər itirilib və Zaporojye istiqamətində baş verənləri ümumilikdə “fəlakət” kimi xarakterizə etmək olar. “Novodonetskoye artıq alınıb. Qoşunlar daha 5-8 km geri çəkilsə, bu o deməkdir ki, düşmənin nəzarətsiz girişi olacaq. Biz başa düşürük ki, bu ərazinin sakinlərinin ən azı daha 50 faizi Ukrayna Silahlı Qüvvələrinə kömək edəcək. Buna görə də, bir az daha dərinə girən kimi Berdyansk və Mariupola gedəcəklər və onları dayandırmaq mümkün olmayacaq”.
Azpost.info
