İyulun 31-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Volqoqrad vilayətinə kütləvi hücum həyata keçirib.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovun sözlərinə görə, gecə saatlarında dronların zərbələri nəticəsində Volqoqradın cənubunda yerləşən yanacaq-energetika kompleksinə məxsus sənaye müəssisəsində, həmçinin Dzerjinski rayonundakı anbarlarda yanğınlar baş verib.
Hücum zamanı Volqoqradda çoxmənzilli yaşayış binasına, Krasnoarmeyski rayonunda isə fərdi evə ziyan dəyib. Nəticədə beş nəfər xəstəxanaya yerləşdirilib.
Rusiyanın “Wildberries” onlayn ticarət şirkəti də hücuma məruz qaldığını təsdiqləyib. Şirkətin yaydığı məlumata görə, logistik mərkəzdə yanğın baş verib. Hazırda ərazidə yanğınsöndürmə briqadaları işləyir. İlkin məlumata əsasən, xəsarət alan olmayıb.
“ASTRA” nəşrinin məlumatına görə, hücumun digər hədəfi ildə 14,8 milyon ton neft emal gücünə malik “LUKOIL-Volqoqradneftepererabotka” neft emalı zavodu olub. Bu müəssisə may ayının sonunda da dron hücumuna məruz qalmış və fəaliyyətini müvəqqəti dayandırmışdı.
Eyni gecə Ukrayna dronları Tatarıstana da zərbələr endirib. Zelenodolsk şəhərinin sakinləri partlayış səsləri eşitdiklərini bildiriblər. Ukraynanın “Exilenova+” monitorinq kanalının məlumatına görə, zərbə “Wildberries”in logistik kompleksinə endirilib. Səhər saatlarında obyekt üzərində tüstü müşahidə olunub.
Bundan başqa, Nijnekamsk şəhərində 30-dan çox partlayış qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, Nijnekamsk Neft Emalı Zavodu üzərində alov müşahidə edilib.
Bir gün əvvəl – iyulun 30-da da Ukrayna dronları Penza vilayəti, Udmurtiya və Perm diyarında yerləşən “Wildberries” şirkətinin üç anbarına hücum etmişdi. Bütün obyektlərdə yanğın baş vermiş, Penza yaxınlığındakı logistik mərkəzin bir əməkdaşı xəsarət almışdı.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri iyulun 18-dən etibarən Rusiyanın ən böyük onlayn ticarət platforması olan “Wildberries”in anbarlarına zərbələr endirməyə başlayıb. Son iki həftə ərzində şirkətin azı 18 paylama mərkəzi hücuma məruz qalıb və anbar gücünün 15 faizdən çoxu sıradan çıxıb.
Eyni zamanda, Ukraynanın Rusiyanın neft emalı zavodlarına qarşı dron hücumları ötən ilin avqust ayından etibarən davam edir.