UNESCO Liverpul şəhərini “dünya irsi” siyahısından çıxartdı –

SƏBƏB
22 İyul 2021 - 08:45

UNESCO iyulun 21-də İngiltərənin Liverpul şəhərini özünün dünya irsi siyahısından çıxarıb.

Qərarda deyilir ki, yeni tikilmiş binalar Viktoriya dövrü dəniz körpülərinin cəzibədarlığına xələl gətirib.

Reuters yazır ki, beləliklə Liverpul UNESCO-nun bu mötəbər sıyahısından çıxarılan üçüncü məkan olub.

Liverpul BMT-nin mədəniyyət agentliyinin mədəni irs siyahısına 2004-cü ildə salınmışdı və beləliklə Böyük Çin səddi, Tac Mahal və Pizanın əyri qülləsi ilə bir sırada dururdu.

Çində keçirilən səsvermədən sonra Dünya İrsi Komitəsi bildirib ki, yeni binlar Liverpulun “unikallıq və bütövlüyünün” üstündən xətt çəkib.

Məşhur Beatles qrupunun doğma şəhəri olan Liverpool mədəni irs siyahısına 18-19-cu əsrlərdə dünyanın ən mühüm portu, həm də əsrarəngiz memarlığı olan şəhər kimi daxil edilmişdi.

Liverpula siyahıdan çıxarıla biləcəyinə dair xəbərdarlıq 2012-ci ildə verilmişdi.

O vaxt şəhərin üfüq xəttini dəyişəcək çaykənarı mənzillərin tikintisi planlaşdırılırdı.

Lakin belə görünür ki, UNESCO üçün səbr kasasını daşıran son hadisə Everton komandası üçün yeni stadionun tikintisi olub. Stadionu qədim port körpülərinin bir hissəsini dağıtmaqla tikiblər.