Uşaq və yeniyetmələr arasında sosial media asılılığı –

Ciddiyə alınmayan təhlükə
22 Fevral 2021 - 09:35

Müasir dünyamızı kompüter, smartfon və internetsiz, onların sayəsində geniş istifadə edilən sosial media platformaları və tətbiqlər olmadan təsəvvür etmək mümkün deyil. İlk dövrlərdə əsasən insanlar arasında ünsiyyət məqsədilə yaradılan şəbəkələr artıq müxtəlif səpkili paylaşımlar, xəbər və informasiya yayımı, məhsul tanıtımı, sosial layihələr, siyasi təsir vasitələri, seçki kampaniyaları və digər məqsədlər üçün geniş istifadə edilir. Öz sürətinə, əhatə dairəsi və bir çox funksiyaları özündə birləşdirdiyinə görə, sosial media şəbəkələri ənənəvi media vasitələri üçün də ciddi rəqibə çevriliblər.

Sosial medianın yetərincə müsbət və gündəlik həyatımız üçün yararlı funksiyaları danılmazdır. Lakin uşaq və yeniyetmələr arasında kosmik sürətlə populyarlığı artan sosial şəbəkələr özlərində kifayət qədər problem, asılılığa meyl və yetkin fərdin formalaşmasına zərər vuran əlamətlər daşıyırlar. Ötən il Almaniyada Qulluqçuların Sığorta Kassası (DAK) tərəfindən aparılan araşdırma nəticəsində ölkədə 12-17 yaş arasındakı yeniyetmələr arasında 100 min nəfərin sosial media asılılığından əziyyət çəkdiyi müəyyən edilib. Nəinki yeniyetmələr, eləcə də yetkin insanlar arasında asılılıq meyilləri artsa da, çox insan həddən ziyadə sosial media asılılığını ya gec dərk edir, ya da bunu anlamaq və etiraf etmək istəmir.

Günümüzdə sosial media bir çoxları üçün daha mobil telefona yüklənmiş və digər insanlarla ünsiyyətdə olmağa xidmət edən tətbiq anlamına gəlmir. Yeyiləcək yemək və geyiləcək paltara məhz onlayn dünya üçün xüsusi təmtəraq verilir, asudə vaxtda foto və videolar məhz sosial mediada paylaşılmaq üçün çəkilir, sosial mediadakı paylaşımlar, “qazanılan“ bəyənmələr, baxış sayları, yazılan şərhlər və təkrar paylaşımlar fərdi uğur və özünütəsdiq kimi dəyərləndirilir, bir çoxları real həyatdakı ünsiyyəti virtual həyatdakı interaksiyalara qurban verirlər.

Sosial media şəbəkələrinin hədəfi nədir?

Statistik göstəricilərə görə, dünyada aktiv sosial media istifadəçilərinin sayı 2015-ci ildə 2,08 milyarddan 2020-ci ildə 3,8 milyard nəfərə çatıb və bu tendensiya yüksələn xətlə inkişaf etməkdədir. Aparıcı sosial media platformalardan istifadənin pulsuz olması və orada hesab açmaq üçün heç bir ödənişin edilməməsi bu şəbəkələrin əsas hədəfi barədə sual doğurur. Sosial media şəbəkələri bir çox sahələri əhatə etsələr də, onların uğur formulunu sadə dillə belə ifadə etmək olar: marketinq fəaliyyəti sayəsində və kampaniyalara diqqəti yönəltməklə istifadəçilərin mümkün qədər çox vaxtını bu şəbəkələrdə keçirilməsinə nail olmaq və müxtəlif şirkətlərin məhsullarının reklamını həyata keçirmək. Təbii ki, məhsul və xidmətinin reklamını istəyən hansısa şirkət daha çox istifadəçisi olan, hədəf qruplarına çıxış üçün daha geniş strategiyalara malik və istifadəçilərin mümkün qədər çox zaman keçirdiyi şəbəkələrə üstünlük verirlər.

Sosial mediadan asılılığı necə müəyyən etməli?

Uşaq və yeniyetmələr üzrə psixiatr Rayner Tomasius bu mövzuda danışarkən, ilk növbədə, özünü qiymətləndirmənin vacib şərt olduğunu qeyd edir. Psixiatrın sözlərinə görə, sosial media asılılığını üç kriteriya əsasında müəyyən etmək olar:

1. İstifadəçi sosial media şəbəkələrindən istifadə edərkən istifadə müddəti üzərində nəzarətini itirir. Belə istifadəçilər özlərində davamlı şəkildə sosial media şəbəkələrində vaxt keçirmək ehtiyacı hiss edirlər.

2. Digər fəaliyyətlər (istər iş, istər asudə vaxt, istərsə də yeniyetmələrdə məktəb və dərs hazırlığı) ciddi şəkildə arxa plana keçir.

3. Tədricən gündəlik həyatın vacib mövzuları ilə müqayisədə sosial media prioritet əldə edir, şəxs real həyatdakı dost-tanışlar və mövzular əvəzinə sosial mediadakı ünsiyyət, mövzu və trendlərə üstünlük verir.

Psixiatr qeyd edir ki, asılılığı olmayanlar sosial medianin real ünsiyyəti üstələdiyini hiss etdiklərində, onlayn həyata ayırdıqları zamanı məhdudlaşdırmağa çalışır və buna nail olurlar. Lakin asılılıq yaranmış insanlar belə bir problemin olduğunu qəbul etmir, özlərində davamlı şəkildə sosial media şəbəkələrində vaxt keçirmək istəyi hiss edirlər.

Asılılıq nə qədər təhlükəlidir?

Uzun müddətdir ki, alimlər sosial media asılılığı ilə psixoloji problemlər arasında əlaqənin mövcudluğundan bəhs edirlər. Bu vəziyyət yeniyetmələr arasında daha ciddi hal alır, asılılığı olan hər üç yeniyetmədən birində depressiv əlamətlər müşahidə olunur. Asılılığı olan şəxslər yuxu pozulmasından əziyyət çəkir, ailə üzvləri və dostları ilə mütəmadi olaraq sosial mediadan istifadə davranışı ətrafında mübahisələr edir, gərginlik yaşayırlar.

Bundan əlavə olaraq, yeniyetmələrin gündəlik həyatlarında sosial problemlər də ortaya çıxır. Gündəlik dərs, asudə vaxt və digər fəaliyyətlər nizamlı şəkildə həyata keçirilmir, daim diqqətin yayınması qiymətlərə mənfi təsir göstərir, bu cür şagirdlərin məktəb davamiyyəti də ürəkaçan olmur. Bütün diqqətini sosial mediadakı mövcudluğuna yönləndirmək istəyən gənclər ətrafındakı real ünsiyyəti azaldır.

Gənclərin sosial media ehtiyacının səbəbi nədir?

Yeniyetmə və gənclər arasında sosial mediadan istifadə faizi böyüklərlə müqayisədə daha yüksəkdir. Bu vəziyyət bir tərəfdən sosial media şəbəkələrinin son onilliklərdə təşəkkül tapması, orta və yuxarı yaşlı insanların daha çox klassik media və ünsiyyət formalarına üstünlük verməsi ilə izah olunsa da, burada psixoloji məqamlar da əhəmiyyətli çəkiyə malikdir. Vyana Yeniyetmələr Mədəni Rəftarının Tədqiqi İnstitutunun təmsilçisi Mathias Rorer bildirir ki, müasir dövrdə fərdi özünütəqdimat və individualizm ön planda dayanır. Sosial şəbəkələr isə yetkinliyə doğru irəliləyən və individual keyfiyyətlərini nümayiş etdirməyə can atan gənclər üçün ideal məkana çevrilir. 14-18 yaşlı yeniyetmələr özlərini real həyatdan daha çox “Instagram“, “Facebook“, Snapchat“, “TikTok“ və digər şəbəkələrdə isbat etməyə çalışırlar.

Sosial şəbəkədəki “mən“ini real həyatdan daha vacib hesab edən gənclərin ”qazandıqları” bəyənmə, təkrar paylaşım və müsbət rəylər sayəsində özünə inamı artdığı və öz eqosunu gücləndirdiyi kimi, mənfi rəy və nifrət mesajları psixoloji problemlərə yol açır. Mütəxəssislər eyni zamanda valideyn nəzarətindən kənar qalan ünsiyyətin daha dərin fəsad və sui-istifadə hallarına yol açması barədə xəbərdarlıq edirlər.

Sosial media asılılığı xəstəlikdirmi?

Qeyd edilməlidir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2018-ci ildə kompüter və video oyunlarına aludəçiliyi rəsmi şəkildə psixi xəstəliklər kataloqunda xəstəlik kimi tanıyıb. Almaniyanın Münster Universitetinin kommunikasiya elmləri üzrə araşdırmaçısı Torsten Kvandt isə yaxın gələcəkdə mobil telefonlardan tutmuş sosial media asılılığına kimi bir sıra media aludəçiliyinin müstəqil media xəstəlikləri kimi sinifləşdirilməsini mümkün sayır.

Deməli, adı rəsmən elan edilməsə də, sosial şəbəkələrindən həddən ziyadə istifadə və asılılıq insan psixikası üçün sağlam sayıla bilməz və çox güman ki, yaxın gələcəkdə tibb elmində bununla bağlı konkret fikir və terminlər meydana gələcəkdir. Hazırda isə sosial medianın insan psixikasına mənfi təsirləri ümumiləşdirilmiş şəkildə “sosial media pozuntusu“ (social media disorder) adlandırılır.

Sosial media asılılığına qarşı nə etməli?

Alimlər uşaq və yeniyetmələrin sosial media asılılığından qorunması üçün ilk addımın valideynlərin özündən başlamalı olduğunu bildirirlər. Övladına müsbət örnək olan valideyn onun tezliklə bu bəladan azad olmasına və normal həyat axarına dönməsinə şərait yarada bilər.

Konkret tədbirlərə gəldikdə isə gündəlik həyatda bir sıra qaydalara əməl olunması sosial media asılılığını azalda və ya aradan qaldıra bilər. Belə ki, gecə yatarkən smartfonu yataq otağından “sürgün“ etmək və onun əvəzində analoji saat vasitəsilə səhər yuxudan durmaq lazımdır.

Smartfonda bildiriş funksiyasını söndürmək lazımdır. Kiminsə hansısa paylaşıma yazdığı rəy barədə bildirişi açan istifadəçinin ana səhifəyə geri dönüb uzun müddət orada “gəzib-dolaşması“ qaçılmaz reallığa çevrilib. Ona görə də hər bildiriş səsi insanı əlindəki mühüm işlərdən ayıraraq diqqətini müəyyən bir müddət ərzində sosial şəbəkəyə cəmləməsinə, vaxt və enerji itkisinə səbəb olur.

Hər bir şəxs özünün mobil telefondan istifadə müddətini tənqidi şəkildə qiymətləndirməli, vacib səbəb olmadıqca smartfonu “narahat“ etməməlidir.

Dostlar, ailə üzvləri və işgüzar görüşlərdə mobil telefonu söndürüb, onu uçuş modusuna keçirmək lazımdır. Buna riayət etmək qeyri-mümkün görünsə də, asılılıqdan yaxa qurtarmaq və insanlarla real həyatdakı ünsiyyətin ön plana çıxması üçün rolu böyükdür.

Yemək və gəzinti zamanı, eləcə də kitab oxuyarkən mobil telefonu kənara qoyaraq, diqqətin yayınmasına imkan verməmək lazımdır. Eyni zamanda, sosial media üçün gündəlik konkret vaxt çərçivəsi müəyyən edilməli, həmin vaxtdan kənarda sosial şəbəkələr tabı olmalıdır.

Sosial media tətbiqlərini smartfonda arxa plana atmaq və ya əsas səhifədən çıxarmaq lazımdır. Bu, mobil telefonu götürən zaman qeyri-ixtiyari olaraq hansısa bir sosial şəbəkə tətbiqinə girməyin qarşısını alır və ekranın “gözdən uzaq, könüldən iraq“ hissəsindəki tətbiqlərin instinktiv deyil, düşünülmüş şəkildə və həqiqətən vacib olduğu halda açılmasına imkan yaradır.

Təbii ki, müasir dövrümüzdə texnologiyanın sürətli inkişafı sayəsində dünyada baş verən hadisələr barədə anında xəbər tutmaq istəyi insana hakim kəsilir. Yoxlanmamış “fake“ xəbərlərin sosial mediada “at oynatması“ problemin yalnız aspektlərindən biri sayıla bilər, lakin insanların daimi ən yeni xəbərləri əldə etmək istəyi çox zaman onların gündəlik həyat axarını pozur, sosial media aludəçiliyi normal həyatın fövqündə durur və insan psixikasına hakim kəsilə bilir. Məhz bu gedişatın qarşısını almaq üçün ilk növbədə, uşaqların hansı yaşdan etibarən sosial media şəbəkələrdən istifadəsinə icazə verilməsi müəyyən edilməli, onların şəbəkələrdə keçirdiyi vaxta ciddi nəzarət olunmalı və hansı mövzu və kontentlərin ön planda dayanmalı olduğu diqqətdə saxlanılmalıdır.