Vətən Müharibəsində Şəhid olmuş Masim Qurbanov Masallıda dəfn edilib –

FOTO
10 Yanvar 2021 - 15:11

Masallıda Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Masim Qurbanov dəfn edilib.

Vətən müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2001-ci il təvəllüdlü Qurbanov Masim Hafiz oğlunun nəşi doğulduğu Masallı rayonunun Ərəb kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin atası, Birinci Qarabağ savaşının iştirakçısı olmuş II qrup Qarabağ müharibəsi əlili Hafiz Qurbanova təhvil verib.

Qeyd edək ki, Masim Qurbanov ötən il həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsinə yollanıb. Cəbhənin Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Qubadlı rayonunun azad olunması uğrunda canından keçib və ali şəhidlik zirvəsinə yüksəlib. Evin ortancıl oğlu idi. Subay idi. (APA)