Vətəni və 5 övladını bizə əmanət qoyan Şəhid –Baş leytenant Ruslan Rüstəmov (FOTOLAR)

Vətənpərvərlik bütün şəxsi maraqları vətən yolunda qurban verməyə, onun ərazi bütövlüyünü, azadlığını hər şeydən üstün tutmağa hazır olmaq deməkdir.

Qalib Ali Baş Komandan torpaqlarımızın azad olunması uğrunda sentyabrın 27-də başlanan Vətən müharibəsində belə güclü orduya, vətənpərvər gəncliyə, bir anda “Dəmir yumruq” kimi birləşən xalqına güvəndi.

44 günlük haqq savaşında adını qəhrəmanlıq tarixinə həkk edən igid oğullarımızdan biri də şəhid baş leytenant Ruslan Rüstəmovdur.

Ruslanın anası Fatmaxanım ana, qardaşı Salman, bacısı Səadət, xanımı Mehriban və 5 körpə balası ilə stol arxasında oturub onun şəkillərinə baxdıqca, xatirələrini dinlədikcə, düşünürsən ki, bir şəhid biri üçün oğul, biri üçün qardaş, biri üçün ömür-gün yoldaşı, biri üçün ata, bir başqası üçün dost, yoldaş, komandirdir. Bir şəhid bir tale deyil, arxasında neçə-neçə  gözü yaşlı, lakin qürurla dayanan talelərin gizləndiyi müqəddəs vəhdətdir.

Ruslan Nüsrət oğlu Rüstəmov 23 oktyabr 1981-ci ildə Şamaxı rayonunun Şorbaçı kəndində ziyalı ailəsində anadan olub. (Hazırda həmin kənd Hacıqabul rayonun ərazisinə daxildir). Rüstəmovlar ailəsində 6 uşaq olub: 4 oğlan, 2 qız. Ruslan ailənin 3-cü övladı idi. O,1989-1999-cu illərdə Ayaz Baxşəliyev adına Şorbaçı kənd tam orta məktəbində təhsil alıb. Atası həmin məkdəbdə rus dili və ədəbiyyatı müəllimi və hərbi rəhbər işləyib. Uşaq vaxtlardan hərbçi peşəsinə vurğun olan Ruslan vaxtaşırı atasının hərbi geyimlərini geyinər, evdə bacı-qardaşlarına hərbi salam verər, xüsusi yerişlə özünü hərbçilərə bənzədərmiş. Lakin tale elə gətirib ki, Nüsrət müəllim 1995-ci ildə dünyasını dəyişib, Fatmaxanım ana 6 övladını təkbaşına böyütmək məcburiyyətində qalıb.

Ruslan 2000-ci ildə Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində müdətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2001-ci ildə ehtiyata buraxılıb. Evə döndükdən sonra 2004-2009-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.

Silahlı Qüvvələrdə hərbi qulluqçu kimi xidmət etmək, zabit olmaq arzusu onu rahat buraxmayıb. Elə bu istəklə 2014-cü ildə Ruslan Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinə müraciət edib. Həmin ildən Ağcabədi rayonun N saylı hərbi hissəsində sürücü-elektrik vəzifəsində xidmətə başlayıb. 2016-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Ehtiyat zabit hazırlığı kursunu bitirib. Əvvəlcə leytenant, sonra isə baş leytenant hərbi rütbəsi alıb. 2016-cı ildən Tərtər və Goranboy rayonunun N saylı hərbi hissələrində motatıcı taqım komandiri, motatıcı bölük komandiri vəzifələrində xidmət edib. Bütün xidmət illərini ön cəbhədə keçirən Ruslan əsl hərbçiyə xas keyfiyyətləri, mətin və dözümlü xarakteri, nümunəvi nizam-intizamı ilə həm yoldaşları, həm də hərbi hissə rəhbərliyi qarşısında böyük nüfuz qazanıb. Müdafiə Nazirliyi və  hərbi hissə rəhbərliyi onun xidmətlərini yüksək qiymətləndirib. Sağlığında “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) medalı”na layiq görülüb. Xidməti işində fərqləndiyinə görə hərbi hissə rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif edilib.

Baş leytenant Rüstəmov Ruslan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin ilk günlərindən düşmənlə üz-üzə vətənin müdafiəsində və torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak edib. Murovdağ yüksəkliyi, Suqovuşan, Talış kəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edən Ruslan 2020-ci ilin oktyabrın 2-də Ağ uçuq deyilən ərazidə qəhrəmancasına şəhid olub. Canını-qanını qurban verərək düşmənin viran etdiyi torpaqlara can verən, Vətənin qeyrətli oğlu, cəsur baş leytenant Rüstəmov Ruslan doğulub boya-başa çatdığı Şorbaçı kənd qəbiristanlığında böyük izdihamla dəfn edilib.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə baş leytenant Rüstəmov Ruslan Nüsrət oğlu ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

2009-cu ilin noyabrın 11-də Mehriban xanımla ailə quran Ruslanın indi 4 qızı, 1 oğlu Vətənimizə, xalqımıza ondan əmanət qalıb: Nərmin, Yasəmən, Dəniz, Nüsrət, Mədinə. Uşaqların ilki Nərmin 4-cü sinfi bitirib, ən kiçiyi Mədinə yaş yarımlıqdır.   Allah bu gül balaları böyütmək, atalarının şərəfli adına layiq yetişdirmək üçün Mehriban xanıma səbir, dözüm, möhkəm iradə və can sağlığı versin. Şəhid balalarının xoşbəxt böyüməsi hər bir azərbaycanlının arzusu, dövlətimizin isə birbaşa sosial siyasətinin bir hissəsidir.

Ruslan sonuncu dəfə sentyabrın 10-da Şorbaçı kəndinə ata ocağına gəlib. Sanki ürəyinə damıbmış kimi, ailə üzvləri, qohumları, dostları ilə görüşdükdən sonra hərbi hissəyə qayıdıb. Fatmaxanım ana bir neçə gündən sonra oğlunun arxasınca Naftalana Ruslanın ailəsi ilə yaşadığı evə gedib. Lakin danışır ki, 10 gün orda qalsam da, Ruslan yalnız bircə dəfə sentyabrın 25-dən 26-na keçən gecə evinə gələ bilib. Müharibə başlayanda Ruslanın qardaşı anasını və onun ailəsini kəndə gətirib. Ondan sonra Ruslanla bir müddət telefon  vasitəsilə əlaqə saxlanılıb, sonra isə uzun bir sükut…

Ruslanın digər qardaşı Rüstəm də hazırda Daxili Qoşunların xüsusi təyinatlı qüvvələrində xidmət edir.  Bacısı Səadət xanım Ruslanın uşaq ikən çox dalaşqan olduğunu, tez küsüb-tez də barışdığını xatırlayır. Xanımı hərbiçinin həyat yoldaşı olmağın həm qorxulu, həm qürurverici olduğunu söyləyir. Çünki həm ona bir şey olar deyə daim təlaş keçirirsən, həm də belə bir mərd, qorxmaz, qeyrətli bir kişinin xanımı olmaqdan qürur hissi keçirirsən. Deyir ki, Ruslan heç vaxt evdə işlə bağlı danışmağı xoşlamazdı. Hətta müharibənin başlamağını da Mehriban xanım başqalarından eşidib-“Getdiyi gün də bir kəlmə demədi ki, döyüşə gedirəm.” Qardaşı Salman xatırlayır ki, Ruslan həmişə Qarabağ münaqişəsindən, işğal olunmuş torpaqlarımızdan söhbət düşəndə “Bu məsələnin həllini oğullarımıza saxlamağa haqqımız yoxdur, nədən gələcək nəsillərə bu ağırlıqda yük qoyub gedək?” deyərmiş…

Belə şücaətli, igid, vətənpərvər oğulları tanıdıqca, xalqımızın nə böyüklükdə sərvətə sahib olduğu üçün fəxr edirsən. Vətəni sevən, onu qoruyan, canını fəda edən Ruslan kimi oğulları olan Azərbaycandan düşmən bir qarış da torpaq qopara bilməz. Ruslan Vətən müharibəsində fədakarlıq göstərməklə o ağır yükü oğlunun çiynindən birdəflik götürdü. Bir ata öz oğlu və xalqı üçün bundan şərəfli nə iş görə bilərdi?!

Vətən təəssübü çəkən ruhun şad olsun, Ruslan. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun əsgər və zabitləri cənnət Qarabağımızı düşmən tapdağından xilas etdi, xalqımızın şərəfini və qürurunu özünə qaytardı. Bu gün hər birimiz fəxrlə deyə bilirik-Qarabağ Azərbaycandır!

Şəhidlər ölməz, Vətən bölünməz!

   Samirə Bürcəliqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Füzulidə minaya düşənlərdən biri həlak olub-

Sonrakı məqalə

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib