“Vaqifin məqbərəsini dağıtmaqda əlin olub?” –

Heydər Əliyevin sualı "Quldurbaşı" adlandırdığı Koçaryanı necə çaşdırıb?
23 Noyabr 2020 - 12:58

Azərbaycanın sabiq Xarici İşlər naziri, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev özünün “Feysbuk” səhifəsində 2001-ci ildə Prezident Heydər Əliyevlə Ermənistanın o vaxtkı başçısı Robert Köçəryan arasındakı bir dialoqa aid xatirəsini paylaşıb.

Sabiq nazirin həmin paylaşımını diqqətinizə çatdırırıq: 

“Erməni işğalına qədərki Şuşanın simvollarından biri də ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Vaqifin əzəmətli məqbərəsi idi. Məqbərənin tikintisi 1982-ci ildə başa çatmışdı. 1983-cü ilin yanvarında respublika rəhbəri H.Ə.Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu. Hər il burada ənənəvi Vaqif poeziya günləri keçirilirdi.

2001-ci ildə Strasburqda Prezident Heydər Əliyevin Köçəryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət oldu:

“-По моей инициативе в Шуше над могилой Вагифа был построен мавзолей. Вагиф наш великий поэт. Был визиром, т.е. министром Карабахского ханства. Что с этим мавзолеем? Тоже разрушили?

-Пока мы опомнились, растащили алюминовые конструкции, мраморные блоки, а остов сохраняется.

-Надеюсь, вы руку не приложили?

-Что вы, Гейдар Алиевич…»

(«Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

-Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

-Ümidvaram ki, bu işdə sənin əlin olmayıb…

-Nə danışırsınız, Heydər Əliyeviç…”)

Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu.

Erməni heyəti aralanandan sonra mərhum Prezident heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür” – dedi.

Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq…”