Varlılar dünyanı yeyirlər –

Zəngin dövlətlər kasıb ölkələrin hesabına yaşayır (ARAŞDIRMA)
01 May 2021 - 09:44

İnsanların bir ildə istehlak etdiyi təbii ehtiyatların həcmi planetin bir ildə istehsal etdiyi təbii ehtiyatların həcmindən 73% çoxdur.

Azpost.info novator.az-a istinadən bildirir ki, ABŞ və Şri-Lanka mütəxəssisləri apardıqları birgə araşdırma nəticəsində bu qənaətə gəliblər.

Tədqiqatın nəticəsi ilə bağlı Böyük Britaniyanın “Daily Mail” qəzetində dərc edilmiş yazıda bildirilir ki, əgər bəşəriyyət dünyanın bioloji potensialından daha artıq resurs xərcləməyi dayandırmasa, təbii ehtiyatlar azala, sonda tükənə bilər.

ABŞ və Şri-Lanka alimlərinin qənaətinə görə, zəngin ölkələr öz təbii ehtiyatlarının imkanları çərçivəsində deyil, başqa ölkələrin təbii ehtiyatlarını israf etmək hesabına yaşayırlar: “Hər hansı ölkənin öz əhalisini yaşatması üçün ya kifayət qədər təbii ehtiyatı, ya da bu resursları başqa yerdən almaq imkanı olmalıdır. Zəngin ölkələrin resursları başqa yerdən almağa pulu var və onlar bu yolla imkansız ölkələri, həmin ölkələrin kasıb əhalisini “ekoloji yoxsulluğa” məhkum edirlər”.

Tədqiqatın nəticələrinə görə, 1980-ci ildə dünya əhalisi illik bioloji potensialın 119%-ni xərcləyib. 2017-ci ildə bu rəqəm 54% çoxalaraq 173%-ə çatıb. Rəqəmlər ona görə artıb ki, yüksək həyat tərzi keçirən zəngin dövlətlərin təbii ehtiyatlara tələbatı artıb. Əhalinin yüksək səviyyəli həyatını təmin etmək üçün həmin  ölkələrdə daha çox resursa ehtiyac yaranıb. Milli gəlir səviyyəsinin çox olduğu ölkələrdə təbii resursların adambaşına düşən istehlak səviyyəsi də çoxdur.

Tədqiqat müəllifləri bioloji potensialı israfla sərf etməyin nə demək olduğunu başa salmaq üçün belə bir misal gətiriblər: “50 ilə ərsəyə gəlmiş bir meşə təsəvvür edin. Əgər il ərzində meşədəki ağacların 2 faizi kəsilsə, onda 25 il ərzində meşədə bir dənə də qocaman ağac qalmayacaq. Dünyada müşahidə edilən tendensiya isə məhz belədir”.

Alimlər deyirlər ki, dünya əhalisinin 14%-i yüksək gəlirli ölkələrdə yaşayır və bu ölkələr planetin bioloji potensialının 52%-dən yararlanır.

Tədqiqatçılar bildirirlər ki, əgər dünyanın hər yerində əhalinin təbii resurslara tələbatı İsveçrədəki qədər olsa, onda planet gərək indikindən 6 dəfə çox bioloji resurs yarada. Dubaydakı qədər olsa, onda planetin indikindən 5 dəfə artıq bioloji resurs yaratması lazımdır. Honkonqdakı qədər olsa, planetin təbii resurs yaratmaq gücü indikindən 3 dəfəyədək artıq olmalıdır.

Tədqiqatçılar ətraf mühitin normadan artıq istifadəsinin dünyada yoxsulluğun qarşısını almağa da əngəl törətdiyini vurğulayırlar.