Vasif Talıbov Naxçıvanda ön xətdə əsgərlərə baş şəkib –-FOTOLAR

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Sədri Vasif Talıbov MR-in əsas müdafiə istehkamı sayılan Təkəqaya və Soyuq bölgələrində olub, ön xətdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.

Ali Məclisin Sədri bildirib ki, ölkəmizin sərhədlərinin qorunması ordumuzun qarşısında duran əsas vəzifədir: “Buranın da strateji ərazi olduğu nəzərə alınaraq 2014-cü ildə postların yaradılması və xidmətin təşkili barədə qərar verildi. Artıq 7 ilə yaxındır ki, Azərbaycan əsgəri çətin dağlıq şəraitdə fasiləsiz xidmət aparır, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir”.

V. Talıbov deyib ki, 3700 metr yüksəklikdə xidmət aparmaq cəsarət və dözümlülük, bu cür strateji yüksəkliyin əldə saxlanması isə böyük qəhrəmanlıq tələb edir: “Siz bunları yerinə yetirdiniz və göstərdiniz ki, Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə qadirdir”.

Ali Məclis Sədri nümunəvi xidmətlərinə görə şəxsi heyətə təşəkkür edb: “Yüksəkliklərdə xidmətin yaxşı təşkil olunması qələbələrin təməlidir. Əvvəllər bu ərazidə əsgərlər çətin şəraitdə xidmət aparırdılar. Bu gün xidmətinizi layiqincə yerinə yetirməyiniz üçün hər cür şərait yaradılıb. Həm əvvəllər, həm də indi əsgər və zabitlər bu ərazidə xidməti vəzifələrini layiqincə yerinə yetiriblər. Əminik ki, sizdən sonra xidmət edənlər də bu ənənəni davam etdirərək muxtar respublikamızın, ümumilikdə, ölkəmizin strateji yüksəkliklərini layiqincə qoruyacaqlar”.

V. Talıbov xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metrdən artıq yüksəkliklərdə yerləşən bölmələrində 2021-ci ilin ötən dövrü ərzində hərbi təyinatlı obyektlərin tikintisi uğurla davam etdirilərək, ümumilikdə 11 müdafiə mövqeyində yeni əsgər yataqxanaları tikilib, mövcud olanlar əsaslı təmir edilib. Müdafiə mövqelərini daimi elektrik enerjisi ilə təmin etmək üçün yeni günəş panelləri quraşdırılıb. Çətin dağlıq şəraitdə yerləşən bölmələrdə, dayaq məntəqələri və mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Bölmələrdə əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri salınaraq dayaq məntəqələri təkmilləşdirilib.

Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu bu gün qısa zamanda qət etmək mümkündür. Ümumilikdə mühəndis texnikalarının köməyi ilə yaşayış məntəqələri və müdafiə mövqeləri arasında 70 kilometrlik hərəkət yolu yenidən çəkilib və 200 kilometrdən artıq təminat yolu təkmilləşdirilərək bərpa edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pakistanda Aşura mərasimi zamanı partlayış baş verib

Sonrakı məqalə

MSK-nın iclası keçirilib –