Ukrayna prezidenti Vladimir Zelenski Roma Papası Fransiskin hərbi əməliyyatları dayandırmaq və Rusiya ilə sülh danışıqlarına başlamaq təklifini tənqid edib.
Azpost.info xəbər verir ki, onun sözlərinə görə, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri hamı – xristianlar, müsəlmanlar, yəhudilər Ukraynanı müdafiəyə qalxıb.
“Mən orduda, müdafiə qüvvələrində olan hər bir inanclı ukraynalıya təşəkkür edirəm. Həyatı və insanlığı qoruyurlar. Bax, kilsə budur, virtual vasitəçiliklə məşğul olmaq deyil”, – Zelenski bildirib.
Ukrayna lideri birbaşa Papa Fransiskdən bəhs etməyib, lakin onun bəyanatı Papanın “uğursuz olanlar ağ bayraq qaldırıb danışıqlara başlamaq üçün cəsarətə malik olmalıdır” açıqlamasından dərhal sonra gəlib. Papanın sözlərinə görə, danışıqlardan utanmaq lazım deyil, çünki döyüş meydanında vəziyyət daha da pisləşə bilər.
Daha sonra Vatikan aydınlıq gətirib ki, Papa Fransisk ağ bayrağın təsvirindən jurnalistin sualında qeyd edildiyi üçün istifadə edib. Vatikanın sözçüsü Matteo Bruni qeyd edib ki, pontifik özü kapitulyasiya deyil, atəşkəsi nəzərdə tuturdu.
Bundan əvvəl Roma Papasının sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba tərəfindən tənqid edilib. Onun sözlərinə görə, ölkənin yalnız bir bayrağı var – mavi və sarı, başqa bayraqlar qaldırılmayacaq. O, Vatikanı Ukraynaya kömək etməyə və keçmişin səhvlərini təkrarlamamağa çağırıb.
Öz növbəsində, Ukrayna Yunan Katolik Kilsəsinin rəhbəri Svyatoslav Şevçuk bildirib ki, Ukrayna yaralanıb, lakin fəth edilməyib və bu gün döyüşlərin getdiyi yerlərdə belə, təslim olmaq heç kimin ağlına gəlmir.
Azpost.info