Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb –

Sahibkarlara hansı güzəştlər olunacaq? (RƏSMİ)
17 Aprel 2020 - 19:38

Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb.

Azpost.info bildirir ki, bu barədə Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi videobağlantı formatında iclasında çıxış edən zamanı deyib.

Nazir bildirib ki,  dəyişikliklər aşağıdakı hissələrdən ibarətdir və bütün dövlət qurumları ilə razılaşdırılıb. Birincisi, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər.

İkinci istiqamət, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsidir.

Nəhayət, üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-dək olan dövr üzrə aşağıdakı vergi güzəştlərini təqdim edirik: Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı, cənab Prezident, Sizin tərəfinizdən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi. Yəni, bu, kifayət qədər geniş paketdir və bu paketdə artıq Siz qeyd etdiyiniz kimi, yeni rejimdə fəaliyyət göstərilməsi də müəssisələr tərəfindən nəzərə alınıb.

Nazirin sözlərinə görə, vergi güzəştləri geniş və əhatəli vergi güzəşti paketidir. “Məlum olduğu kimi, bu, yeganə dəstək mexanizmi deyil. Nümunə kimi, bu gün Maliyyə Sabitliyi Şurasında müzakirəsi gözlənilən məsələ ondan ibarətdir ki, bütün digər biznes fəaliyyətinə də pandemiyanın təsirsiz ötüşməməsini nəzərə alaraq, misal üçün, bank kreditləri olan və bank kreditlərinə də requlyativ tədbirlərin yumşaldılması. Bu, sahibkar üçün nə deməkdir? Bu, o deməkdir ki, banklara imkan verir ki, onların cari kredit ödənişlərini yumşaldır, restrukturizasiya edir, dövr verir, müddət verir. Bu iş Mərkəzi Bankın, Banklar Assosiasiyasının təşəbbüsü ilə işçi qrup çərçivəsində, aidiyyəti digər işçi qrup çərçivəsində İqtisadiyyat Nazirliyində sahibkarların iştirakı ilə həyata keçirilir. Bu qərarın da qısa müddətdə Sizin diqqətinizə təqdim edilməsi nəzərdə tutulur”.