Balıq və dəniz məhsulları zülal, antioksidantlar və beynin fəaliyyətini dəstəkləyən faydalı yağlarla zəngindir.
Azpost.info bildirir ki, bu barədə “TODAY.com” nəşri yazır.
Günün tövsiyəsi: həftədə iki dəfə balıq yeyin
“Tərkibində yağ çox olan qızılbalıq, sardina və ya tuna kimi balıqları həftədə iki dəfə yemək beyin sağlamlığını dəstəkləyir”, – deyə “TODAY” nəşrinin qidalanma bölməsinin redaktoru, dietoloq Natali Rizzo bildirir.
Bu balıq növlərində beyin sağlamlığının yaxşılaşması ilə əlaqələndirilən faydalı yağ turşuları var.
Bu, niyə vacibdir?
Faydalı omeqa-3 yağ turşularının üç əsas növü mövcuddur. Bunlar alfa-linolen turşusu (ALA), eykosapentaen turşusu (EPA) və dokosaheksaen turşusudur (DHA).
Rizzonun sözlərinə görə, qoz, çia və kətan toxumu kimi məhsullar ALA ilə zəngindir. Lakin orqanizm bu turşunun yalnız kiçik bir hissəsini EPA və DHA-ya çevirə bilir. Buna görə də EPA və DHA-nın əsas mənbələrindən biri yağlı balıqlardır.
Sağlam yetkin insanların iştirak etdiyi bir araşdırmada həftədə ən azı iki dəfə balıq yeyən şəxslərin beynindəki ağ maddənin vəziyyətinin daha yaxşı olduğu müşahidə edilib. Daha az balıq yeyən insanlarda isə bu göstərici nisbətən zəif olub.
Beynin ağ maddəsi onun müxtəlif hissələri arasında əlaqəni təmin edən bir növ kommunikasiya şəbəkəsi rolunu oynayır.
Rizzonun sözlərinə görə, digər araşdırmalar da DHA çatışmazlığını idrak funksiyalarının zəifləməsi ilə əlaqələndirir.
Daha çox balıq yeməyə necə başlamaq olar?
Evdə balıq bişirməyə alışmamısınızsa, ilk vaxtlar bu, çətin görünə bilər. Bundan başqa, bəzi balıq növlərinin kəskin dadı var və bu dad hər kəsin xoşuna gəlmir.
Dietoloqlar əvvəllər sardina və qızılbalığı ən faydalı balıq növləri sırasında göstəriblər. Hər iki məhsul beyin sağlamlığını dəstəkləyən DHA ilə zəngindir. Lakin onların dadı daha qabarıq və spesifikdir.
Qızılbalığa nisbətən daha yumşaq dadı olan alternativ axtarırsınızsa, dietoloq Samanta Kassettinin tövsiyəsinə əsasən, arktik qızılbalığa bənzər char balığına və ya forelə üstünlük verə bilərsiniz.
Konservləşdirilmiş sardinanı əvəz edəcək rahat seçim istəyirsinizsə, adi konservləşdirilmiş tunadan istifadə edə bilərsiniz. Məsələn, tuna salatı hazırlayıb ona bir qədər təbii yunan yoqurtu əlavə etməklə yeməyin zülal miqdarını artırmaq mümkündür.
N.Talıblı
