Vilnüsdə Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair qərar verildi- DETALLAR

Vilnüsdə NATO sammitinin ikinci günündə G7 ölkələri Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətlərini təmin etmək məqsədilə çoxtərəfli struktur yaratdıqlarını elan ediblər.

Azpost.info xəbər verir ki, bu, Ukraynaya Rusiyanın gələcək təcavüzündən qorunmağa kömək edəcək.

“Bu gün biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunmasında, iqtisadiyyatın yenidən qurulmasında, vətəndaşlarının müdafiəsində və Avro-Atlantik birliyə inteqrasiyada uzunmüddətli dəstəyimizi ikitərəfli öhdəliklər vasitəsilə rəsmiləşdirmək üçün danışıqlara başlayırıq”, – G7-nin qəbul etdiyi bəyannamədə deyilir.

Danışıqlar dərhal başlayacaq, üstəlik G7-yə daxil olmayan ölkələr də Ukrayna ilə aşağıdakıları əhatə edən “çətir strukturu” altında danışıqlara dəvət olunur:

– Quru, hava və dəniz qüvvələri üçün müasir hərbi texnikanın təchizatı;

– Ukrayna sənaye bazasının inkişafı, hərbi personalın təhsili və təlimi, kəşfiyyat məlumatlarının mübadiləsi, kibermüdafiə və digər təhlükəsizlik təşəbbüsləri;

– Ölkənin bərpasına, onun rifahının və enerji təhlükəsizliyinin təmin edilməsinə iqtisadi yardım;

– Davam edən müharibə ilə əlaqədar Ukraynanın cari ehtiyaclarını ödəmək və islahat proqramının həyata keçirilməsi üçün texniki və maliyyə dəstəyi.

Öz növbəsində ABŞ prezidenti Co Bayden “dəstəyimizin uzun müddət davam edəcəyini açıq şəkildə bildiririk” deyib.

G7-nin bəyannaməsində o da qeyd olunur ki, Kiyev məhkəmə sistemi də daxil olmaqla, islahatlar aparmağa və silahlı qüvvələr üzərində mülki nəzarəti təmin etməyə söz verib.

Azpost.info

Əvvəlki məqalə

Gömrük Komitəsinin sədrinə birinci müavin təyin edilib

Sonrakı məqalə

“Bu, Ukrayna üçün böyük uğurdur”