Vyanada iki türk gənc yaralı polisi terrorçuların atəşi altından çıxarıb –

FOTO
03 Noyabr 2020 - 17:19

Noyabrın 2-də Vyana şəhərinin mərkəzində baş verən terror aktı zamanı iki türk gəncin cəsur hərəkəti mətbuatın diqqətindən yayınmayıb və həmin gənclər mətbuatda “Vyana qəhrəmanları” kimi təqdim olunublar.

Hadisə baş verərkən ərazidəki kafelərdən birində olan Mikail Özen və Rəcəb Tayyib Gültəkin atəş səslərini eşitdikdən sonra inanılmaz səhnələrin şahidi olublar. Şvedenplats meydanında insanları və polisi atəşə tutan terrorçular çox sayda insanı qətlə yetirib və yaralayıblar.

Yerdə qan içində uzanmış insanları görən türk gənclər tərəddüd etmədən güllə yağışı altına atılıblar və yaralı bir yaşlı qadını təhlükəsiz əraziyə çıxarıblar. Sonra ağır yaralanmış polis əməkdaşının atəş altında olan ərazidə qaldığını və təcili yardım işçilərinin oraya yaxınlaşa bilmədiyini görən gənclər böyük cəsarət nümayiş etdirərək, onu da xilas edib təcili yardım avtomobilinə çatdırıblar. Gənclərin bu hərəkətini əks etdirən videogörüntülər ildırım sürəti ilə sosial mediada yayımlanıb.

Hadisədən sonra mətbuata açıqlama verən gənclər türk əsilli müsəlmanlar olaraq terrorun bütün növlərini pislədiklərini ifadə edərək deyiblər: “Biz Avstriyanın yanındayıq. Biz Avstriyaya rəğbət göstəririk. Nə baş verirsə-versin, biz hər zaman yardım etməyə hazırıq!”.

Qeyd edək ki, polis əməkdaşını xilas edərkən Rəcəb Tayyib Gültəkin ayağından yaralanıb. Yarasına əhəmiyyət verməyən gənc öz sosial media hesabında vəziyyətinin yaxşı olduğunu və polis əməkdaşının tezliklə sağalacağına ümid etdiyini yazıb. O, həmçinin qeyd edib: “Biz ölkəmiz Avstriyanı sevirik. Terrorun dini, milləti yoxdur. Fərqi yoxdur – yəhudi, xristian, müsəlman – biz hamımız birlikdəyik. Vyana üçün dua edin”.