Azərbaycanın xalq artisti Ağaxan Salmanlı vəfat edib.
Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib. Bu barədə teatrın aktyoru İlham Əsədov sosial şəbəkədə yazıb.
Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub.
Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960-1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). Prezident Mükafatçısı olub.
2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Xalq artisti Ağaxan Salmanlı bu gün saat 16:00-da Yeni Suraxanı qəsəbəsində dəfn olunacaq. O, aktyorla vida mərasiminin günorta saatlarında evində keçiriləcəyini bildirib.