Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması yeni mövzu deyil.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, 2020-ci il Üçtərəfli Bəyanatda buna dair xüsusi bənd mövcuddur: “Orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Mövzu uzun müddət ərzində müzakirə predmetidir. Üç il yarımlıq müzakirələrdən sonra “razılıq əldə olunub” sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi. Hələ bununla bağlı rəsmi sənəd yoxdursa, Ermənistan bu istiqamətdə heç bir işə başlamayıbsa, deməli hələ də açıq məsələlər mövcuddur. Azərbaycan ərazisində isə nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddət ərzində işlər sürətlə gedir və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırılacaq”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu günlərdə regional kommunikasiyaların açılması ilə bağlı qərarın ola biləcəyini də qeyd edib. O bildirib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması üzrə qarşılıqlı məqbul həll yoluna yaxındır.