“Bir müddət əvvəl ReAL partiya kimi qeydiyyata alınsa da, gələn ilin yanvarına qədər Erkin Qədirli Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətində müstəqil deputat kimi təmsil olunacaq”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. Seyidov deyib ki, AŞPA-da nümayəndə heyətində 4 nəfər hakim partiyanı, yəni Yeni Azərbaycan Partiyasını, 4 nəfər müstəqil millət vəkillərini, 4 nəfər də müxalifəti təmsil edən millət vəkili var: “Nümayəndə heyəti formalaşdırılanda ReAL partiya kimi qeydiyyatdan keçməmişdi, ona görə də Erkin Qədirli bizim nümayəndə heyətində müstəqil millət vəkilləri siyahısında idi. Ancaq bu yaxınlarda ReAL partiya kimi dövlət qeydiyyatından keçdi. Bu da nümayəndə heyətinin hazırkı tərkibi ilə bağlı hər hansı problem yaratmır. Çünki Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin qeydiyyatı 2020-ci ilin yanvar ayında olub və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü istər partiya üzvü, istər müstəqil olsun, növbəti ilin – yəni 2021-ci ilin yanvar ayına qədər onun AŞPA nümayəndə heyətinin üzvü statusu saxlanılır. Hətta AŞPA-da belə hallar da olub ki, hər hansı ilin yanvar ayından növbəti ilin yanvar ayına qədər hər hansı üzv ölkədə seçkilər keçirilib və nümayəndə heyətinin üzvü olan deputatın təmsil olunduğu partiya seçkilərdə uduzub, həmin şəxs də ölkəsində artıq deputat olmayıb, ancaq həmin şəxsin statusu AŞPA-da ölkəsinin nümayəndə heyətinin üzvü kimi növbəti yanvar sessiyasına qədər saxlanılıb. İndi də bu qayda mövcuddur”. S.Seyidov bildirib ki, bu səbəbdən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində hər hansı dəyişiklik gələn ilin yanvar ayına gözlənilir: “Hər il yanvar ayında nümayəndə heyətlərinin tərkibi AŞPA-da təsdiqlənir. O zaman da bu məsələyə qayıtmaq olar. Yəni prosedura uyğun olaraq, Milli Məclis həmin vaxt Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi məsələsinə baxacaq”.
Qeyd edək ki, Erkin Qədirli də gələn ilin yanvar ayında AŞPA nümayəndə heyətindəki statusuna və müxalif deputat kimi nümayəndə heyətində təmsil olunub-olunmayacağı məsələsinə baxılacağını bildirib.