“Yaxında məmurların gəlir bəyənnaməsi ilə bağlı ciddi addımlar atılacaq” –Fəzail Ağamalı

Məmurların gəlir və xərclərini öyrənmək üçün əksər ölkələrdə vəzifəli şəxslərin təqdim etdiyi gəlir bəyannaməsindən istifadə olunur. Azərbaycanda da “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” Qanun qəbul olunub. Lakin qanunun 2005-ci ildən qüvvəyə minməsinə baxmayaraq, o, hələ də icra edilmir.

2005-ci ilin avqustunda prezidentin xüsusi fərmanı ilə 3 ay müddətində gəlir bəyannamələrinin formasının hazırlanması barədə Nazirlər Kabinetinə göstəriş verilib. Lakin forma hələ də təsdiq edilməyib. Bəs aradan keçən bu 16 ildə həmin forma nədən hazırlanmır?

Bunun səbəbinə aydınlıq gətirmək üçün dəfələrlə Nazirlər Kabinetinə zəng vursaq da, sualımıza cavab ala bilmədik. Aradan keçən bu 16 ildə Azərbaycanın düz üç baş naziri deyişib. 2005-ci ildə bu vəzifədə Artur Rasizadə çalışırdı. Sonra onu Novruz Məmmədov əvəz etdi. 2019-cu ilin oktyabrından isə bu postda Əli Əsədov oturur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Turan”a bildirib ki, qanun qəbul edilibsə, onun icrası da vacibdir: “Lakin təəssüf ki, indiyə qədər məmurlar gəlirləri haqqında cəmiyyətə açıqlama vermirlər. Yaxşı olardı ki, hər bir məmur nə qədər gəlir götürməsi haqqında müvafiq qurumlara bəyannaməni təqdim etsin. Bu, cəmiyyətə də açıqlansın”.

Deputatın fikrincə, məmurların gəlirləri haqqında bəyannamələrin verilməsi zamanı yetişib: “Yaxın zamanlarda bununla bağlı ciddi addımların atılmasını müşahidə edəcəyik”.

O qeyd edib ki, deputatlar və deputatlığa namizəd olan şəxslər digər sənədlərlə bərabər dairə seçki komissiyasına gəlir bəyannaməsini təqdim edirlər: “Həm özünün, həm də həyat yoldaşının gəlirləri haqqında bəyannamə təqdim olunur. Orada gəlirlərdən başqa həm daşınan, həm də daşınmaz əmlak da qeyd olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Leninin, Stalinin canlı səsi –

Sonrakı məqalə

BMT Əfqanıstandakı missiyasını davam etdirəcək