Yeddi təşkilat bəyanat yaydı:“Primakovla bağlı sərgi dərhal bağlansın, təşkilatçılar üzr istəsin!”

“20 Yanvar”, “Qarabağ Qaziləri” ictimai birlikləri, Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyi, Asif Məhərrəmov adına İnkişaf Fondu, Vətən Müharibəsi Veteranları Birliyi, Tərxis Olunmuş Hərbiçilər İctimai Birliyi, Çernobıl Əlillər İttifaqı birgə bəyanat yayıb.

Kütləvi informasiya vasitələrinə ünvanlanmış sənədin mətnində deyilir:

“Bakı Slavyan Universiteti Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ilə birlikdə 1990-cı ilin 20 yanvar hadisələrinin təşkilatçılarından və icraçılarından biri olan Yevgeni Primakovun anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq esse müsabiqə keçirib. Oktyabrın 15-də esse müsabiqənin qaliblərinə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində diplomlar təqdim olunub. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi tərəfindən əlləri xalqımızın qanına bulaşmış qatilin – Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi də keçirilib. 20 Yanvar hadisələri zamanı və ondan sonrakı günlərdə 150 nəfərin şəhid olmasının, 744 nəfərin yaralanaraq əlil olmasının, 2 mindən çox vətəndaşımızın həbs olunaraq təzyiqlərə məruz qalmasının, əsas təşkilatçılarından biri olan bu cəlladın – Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi Azərbaycan xalqının heysiyyatına və şəhidlərimizin ruhuna qarşı təhqirdir. 20 Yanvar, Qarabağ şəhid ailələri və əlilləri adından müvafiq dövlət qurumlarından tələb edirik:

  1. Yevgeni Primakov adlı caninin şərəfinə təşkil olunmuş sərgi dərhal dayandırılsın.
  2. Bakı Slavyan Universitetinin rəhbərləri xalqımıza qarşı törətdikləri ağır cinayətə bərabər olan hərəkətlərinə görə təxirə salınmadan tutduqları vəzifədən azad edilsin.
  3. Baş verən rəzalətə görə təşkilatçılar vətənin ayrılmaz hissəsi olan Qarabağ uğrunda 20 min şəhid verən Azərbaycan xalqından, o cümlədən 20 Yanvar şəhid ailələrindən və əlillərindən üzr istəsinlər”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Şəfayət Mehdiyev küçəsində görülən işlərlə tanış olub –

Sonrakı məqalə

Birinci vitse-prezident Mehriban Əliyeva Baronessa Emma Nikolsonla görüşüb –