Qış fəslində ən çox narahatlıq doğuran məqamlardan biri də “səssiz ölüm” adlandırılan dəm qazı ilə zəhərlənmə hallarıdır. Zəhərlənmə əlamətləri başağrısı, başgicəllənmə, ürəkbulanma və halsızlıqdır. Zəhərlənmə zamanı huşun və özünüidarəetmənin itirilməsi baş verir.
Bakı şəhər Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov AZƏRTAC-a deyib: “Ötən il ərzində 210 nəfər, o cümlədən 12 uşaq dəm qazından zəhərlənib. Bu ilin 20 günü ərzində isə mərkəzə 36 müraciət daxil olub və onlardan 32 nəfəri müalicə üçün qəbul edilib. Müraciət edənlərin 16 nəfəri dəm qazından zəhərlənmə nəticəsində koma vəziyyətində olub. Zəhərlənənlərin hamısı müalicə edilərək evə buraxılıb”.
Baş həkim onu da qeyd edib ki, zəhərlənmə zamanı düzgün ilkin yardım göstərilməlidir. Zərərçəkənin ürəkdöyünməsi dayandığı halda ona süni nəfəs vermək və təcili tibbi yardım gələnə qədər ürək masajı etmək lazımdır. Bundan başqa ona isti çay və ya qəhvə vermək də tövsiyə olunur.