Yüksək təzyiq riskini artıran 8 qida əlavəsi açıqlanıb– biri C vitaminidir

Fransada aparılan yeni araşdırmada geniş istifadə olunan 8 qida konservantı və əlavəsi yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri riski ilə əlaqələndirilib. Siyahıda qida əlavəsi kimi istifadə olunan C vitamini də yer alıb.

Azpost.info bildirir ki, bu barədə ScienceAlert European Heart Journal jurnalında dərc olunan araşdırmaya istinadən yazıb.

Alimlər nə müəyyənləşdiriblər?

Tədqiqatçılar Fransada 112 395 nəfərin sağlamlığını və qidalanmasını 7-8 il ərzində izləyiblər.

Məlum olub ki, konservantları ən çox qəbul edən insanlarda yüksək qan təzyiqi riski 24% daha yüksəkdir.

Antioksidant xüsusiyyəti olmayan konservantları ən çox qəbul edən iştirakçılarda isə ürək-damar xəstəlikləri riski 16% yüksək olub. Bu maddələr bakteriya və göbələklərin inkişafını dayandıraraq qidanın xarab olmasının qarşısını alır.

Lakin təbii maddələrə, o cümlədən C vitamininə uyğun olan bəzi antioksidant əlavələr də mənfi nəticələrlə əlaqələndirilib. Belə maddələr, məsələn, meyvə və tərəvəzlərin qaralmasının qarşısını almaq üçün istifadə olunur.

Hansı qida əlavələri araşdırılıb?

Alimlər 8 maddəni xüsusi olaraq qeyd ediblər:

  • Kalium sorbat (E202) – emal olunmuş meyvə məhsullarında və içkilərdə istifadə olunur;
  • Kalium metabisulfit (E224) – əsasən şərab kimi alkoqollu içkilərə əlavə edilir;
  • Natrium nitrit (E250) – emal olunmuş ət məhsullarında istifadə olunur;
  • Natrium askorbat (E301) – emal olunmuş ət məhsullarında tətbiq edilir;
  • Natrium eritorbat (E316) – emal olunmuş ət məhsullarında istifadə olunur;
  • Askorbin turşusu (E300) – emal olunmuş meyvə və tərəvəz məhsullarına əlavə edilir;
  • Limon turşusu (E330) – qazlı içkilərdə geniş yayılıb;
  • Rozmarin ekstraktı (E392) – yağlara və piylərə əlavə edilir.

Ürək-damar xəstəlikləri ilə ayrıca əlaqələndirilən əlavələr arasında yalnız biri statistik baxımdan diqqət çəkib. Bu, askorbin turşusu, yəni C vitamini olub. Onun qəbulu ürək-damar xəstəlikləri riskinin 15% artması ilə əlaqələndirilib.

İştirakçıların qəbul etdiyi askorbatların təxminən yarısı emal olunmuş meyvə və tərəvəz məhsullarından gəlib.

C vitamini ilə bağlı nəticə nə deməkdir?

Əvvəlki araşdırmalar təbii şəkildə qəbul edilən C vitaminini daha yaxşı sağlamlıq göstəriciləri ilə əlaqələndirib. Lakin yeni araşdırma onun qida əlavəsi formasında istifadəsi ilə bağlı fərqli nəticələrin ola biləcəyini göstərir.

Bununla belə, tədqiqatçılar bu nəticənin C vitamininin zərərli olduğunu sübut etmədiyini xüsusi vurğulayırlar.

Araşdırma səbəb-nəticə əlaqəsini sübut etmir

Tədqiqat müşahidə xarakterlidir. Buna görə də konservantların birbaşa yüksək təzyiqə və ya ürək xəstəliklərinə səbəb olduğunu göstərmir. Sadəcə müəyyən əlaqələrin mövcudluğunu ortaya qoyur.

İştirakçılar qidalanmalarını ətraflı şəkildə qeyd ediblər. Bəziləri məhsulların markalarını da göstərməklə gün ərzində qəbul etdikləri qidalarla bağlı təxminən 100 günlük qeyd aparıblar.

Bu, tədqiqatçılara konservantların daha çox zərərli emal olunmuş məhsullarda olmasını nəzərə almağa imkan verib. Meyvə-tərəvəz, qırmızı və emal olunmuş ət, eləcə də ultraemal olunmuş məhsullar nəzərə alındıqdan sonra da əlaqə statistik baxımdan əhəmiyyətli olaraq qalıb.

Araşdırmanın müəllifləri bunun nəticələrin yalnız həmin qida məhsulları ilə deyil, araşdırılan konservantlarla əlaqəli olması ehtimalını artırdığını bildiriblər.

Alimlər nə deyir?

Sorbonna Paris Şimal Universitetinin epidemioloqu Anais Hazenbeler bildirib ki, indiyədək qida əlavələrinin insan sağlamlığına təsiri barədə kifayət qədər məlumat olmayıb.

Tədqiqatın aparıcı müəllifi, Fransanın Milli Sağlamlıq və Tibbi Araşdırmalar İnstitutunun tədqiqat direktoru Matild Tuvye isə konservantların orqanizmdə oksidləşdirici stresə səbəb ola biləcəyini və mədəaltı vəzinin fəaliyyətinə təsir göstərə biləcəyini göstərən eksperimental araşdırmaların mövcud olduğunu qeyd edib.

Onun fikrincə, yeni nəticələr Avropada EFSA, ABŞ-da isə FDA kimi qurumların bu qida əlavələrinin risk və faydalarını yenidən qiymətləndirməsinə ehtiyac yarada bilər.

Nəticə nədir?

Araşdırmanın C vitamini ilə bağlı nəticəsi hazırkı sağlam qidalanma tövsiyələrini dəyişdirmir. Bu nəticələrin təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.

Tədqiqatçılar hazırda minimum emal olunmuş qidalara üstünlük verməyi və lazımsız qida əlavələrindən mümkün qədər uzaq durmağı tövsiyə edən yanaşmanın qüvvədə qaldığını bildirirlər.

Meyvə və tərəvəzlərdə konservantların istifadəsinin həmin məhsulların daha uzun müddət saxlanmasına və daha əlçatan olmasına kömək etdiyi də nəzərə alınmalıdır. Buna görə mümkün faydalarla potensial risklər birlikdə qiymətləndirilməlidir.

Məsələn, 2024-cü ildə aparılmış başqa bir araşdırmada insan bağırsaq mikrobları olan siçanlara kalium sorbatla birlikdə fruktoza verilib. Heyvanlarda qaraciyərin piylənməsi ilə əlaqəli metabolik pozuntuların əlamətləri müşahidə olunub. Bunun insanlarda da eyni nəticəyə gətirib-gətirməyəcəyi isə hələ məlum deyil.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.