“Yunan nazir həddini aşdı” –

Çavuşoğlu
16 Aprel 2021 - 21:34

“Yunanıstanın Xarici İşlər naziri ilə bigə mətbuat konfransında biz gərginliyi azaltmaq üçün düşüncələrimizi kifayət qədər nəzakətlə ifadə etdik, ancaq Nikos Dendias mətbuat konfransının müəyyən mərhələsindən sonra Türkiyəni saxta ittihamlarla günahlandırdıqda, artıq ona həddini bildirmək lazım idi”.

Bunu Şimali Kiprdə səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən Ankarada səfərdəikən mətbuat konfransında qalmaqal yaradan  Yunanıstan Xarici İşlər naziri Nikos Dendiasın davranışlarına mövqe bildirərkən deyib.

“Yunan nazirin davranışları onun göstəricisi idi ki, Yunanıstan Türkiyə ilə münaqişəli münasibətlərini davam etdirmək istəyir”, deyən nazir bildirib ki, qonşu ölkə hələ də heç bir hüquqi qüvvəsi qalmayan “Sevilla xəritəsi” üzrə hərəkət etmək iddiası ilə münasibətləri daha da gərginləşdirir: “Biz dəfələrlə “Sevilla xəritəsi”nin hüquqi əsasının olmadığını sübuta yetirdik.  Çox təəssüf ki, onlar özlərini hələ də  belə bir saxta xəritənin varlığına inandırırlar”.

Nazir deyib ki, Türkiyə Prezidenti başqa ölkələrin Xarici İşlər nazirini nadir hallarda qəbul etdiyi halda Nikos  Dendiasın səfəri Yunanıstan-Türkiyə münasibətlərinin normallaşması baxımından əhəmiyyətli hesab edildiyi üçün R.T.Ərdoğan yunan nazirlə məmnuniyyətlə görüşdü: “Biz ev sahibi olaraq lazımi nəzakəti göstərdik”.

Nazir sözügedən konfransda Şimali Kipr türklərinin ittiham olunmasının da qəbuledilməz olduğunu bildirib: “Yunanıstan Şimali Kipri tamamilə yox sayarsa, o zaman mən də Kipr türklərinin haqqını qorumalı idim. Biz Türkiyə olaraq, prinsipial mövqeyimizdəyik”.

Şimali Kiprin Prezidenti Ersin Tatar da Kipr türkləri adından M.Çavuşoğluna bu mövqeyinə görə təşəkkür edib.