“Yunanıstan daxildəki uğursuzluqları ört-basdır etmək üçün Türkiyə ilə gərginliyi artırır”- AKAR

“Yunanıstan Türkiyə tərəfi ilə ziddiyyətlərini Ankaranın NATO, ABŞ və Avropa İttifaqı ilə problemləri kimi təqdim etməyə çalışır”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Akar Yunanıstanın məşvərət məsələləri, etimad quruculuğu tədbirləri və NATO prosedurları ilə bağlı iclaslara qatılmağı dayandırdığını və bunun qarşısını almağa çalışdığını bildirib.

Nazirin sözlərinə görə, indi hamı yunan tərəfinin hiylələrini başa düşüb və bundan sonra da bu məsələdə daha diqqətli olacaq.

Akar Yunanıstanın müxtəlif növ qalmaqallarla üzləşdiyinə də diqqət çəkib: “Gizli dinləmə qalmaqalı, immiqrasiya qalmaqalı, korrupsiya… Bundan başqa, Yunanıstanın Şərqi Aralıq dənizində uğursuzluqları var. Bunlar yunan ictimaiyyətinin xəbərdar olduğu uğursuzluqlardır. Bütün bunları ört-basdır etmək üçün Türkiyə ilə gərginliyi artırırlar”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Ankaranın Yunanıstanın Egey dənizindəki ərazi sularının genişləndirilməsinə icazə verməyəcəyini bildirmişdi. XİN rəhbəri qeyd etmişdi ki, Türkiyə həm Egey, həm də Aralıq dənizlərində öz maraqlarını müdafiə etməyə davam edəcək və Yunanıstanın ərazi sularının genişlənməsinə imkan verməyəcək.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağda yeni müharibə qısa olacaq… Bakı hər şeyi götürəcək” –

Sonrakı məqalə

Əli Məsimli “Şöhrət” ordeni ilə təltif edilib