Yunanıstan polisi 2008-ci ildə öldürülən yeniyetmə Aleksis Qriqoropulosun xatirəsinə müxtəlif şəhərlərdə keçirilən tədbirlər və yürüşlər zamanı yaranmış iğtişaşlarda iştirak etdiyinə görə 77 nəfəri saxlayıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, iğtişaşlar zamanı 3 polis də yaralanıb.
Qeyd edək ki, 15 yaşlı Qriqoropulos 2008-ci il dekabrın 6-da gənclərlə polis arasındakı “söz atışması”nda müəmmalı şəraitdə öldürülüb. Onun ölümü iki həftə davam edən etiraz aksiyalarına, talan və yanğınlara səbəb olub, Afinada yüzlərlə mağaza dağıdılıb.
Hər il yeniyetmənin ölüm günündə aksiyalar keçirilir, iğtişaşlar olur.
Ümumilikdə paytaxt Afinada 50 nəfər saxlanılıb, bu ana qədər onlardan 10-u həbs olunub, bir polis yaralanıb. Patraxda 19 nəfər saxlanılıb, onlardan 7-si həbs olunub, iki polis yaralanıb. Salonikidə isə saxlanılan 8 nəfərdən ikisi həbs olunub.