“Zəngəzur dəhlizinin yaradılması əməkdaşlığı daha da gücləndirəcək” –

CEYHUN BAYRAMOV
11 Noyabr 2021 - 12:39

“Tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə qarşılıqlı münasibətləri strateji müttəfiqlik üst səviyyəsinə ucalan Azərbaycan və Türkiyənin nümunəvi əməkdaşlığı, iki ölkənin bölgədə həyata keçirilən geniş miqyaslı təşəbbüslərdə iştirakı, habelə hazırda aparılan quruculuq işlərində birgə layihələrin həyata keçirilməsi, eyni zamanda geniş regional əməkdaşlığı təşviq edir”.

Xarici İşlər Nazirliyindən (XİN) verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu xüsusda, münaqişə sonrası regional əməkdaşlığı nəzərdə tutan və bölgənin bütün böyük dövlətləri tərəfindən dəstəklənən 3+3 formatı ölkələrimiz üçün faydalı əməkdaşlıq mexanizmi ola bilər.

“Sözlərimə son verərək qeyd etmək istərdim ki, Azərbaycan sülhün tərəfdarıdır və nəinki öz regionunda, həmçinin dünyanın bütün bölgələrində dayanıqlı sülhün və sabitliyin təmin olunmasını dəstəkləyir.

Sabah qardaş Türkiyə Respublikası Türk Dövlətləri Təşkilatının növbəti müddət üçün sədrliyini öz üzərinə götürücək. Bu şərəfli və məsul işin yerinə yetirilməsində Türkiyəyə uğurlar arzu edir və əminliyimizi ifadə edirik ki, qardaş ölkə bu vəzifənin öhdəsindən layiqincə gələcəkdir”, – XİN rəhbəri vurğulayıb.

“Bir neçə gün öncə, 8 noyabr tarixində Zəfərimizin birinci ilini qeyd etdik. Münaqişənin başa çatması ilə əlaqədar Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Bundan sonra regionda proseslər yaranmış yeni reallıqlar əsasında inkişaf edəcək. Dünya birliyinin bu inkişafa dəstəyi regionda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edə bilər”-deyə nazir vurğulayıb.

O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı xüsusilə regionda kommunikasiya xətlərinin açılması ilə əlaqədar olan 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatı ilə daha da inkişaf etdirilmiş, regionda nəqliyyat kommunikasiya xətlərinin açılması üçün konkret istiqamətlərdə fəaliyyətə başlanılıb: “Nəqliyyat, kommunikasiya, infrastruktur layihələri iştirakçı dövlətlərin hər birinin maraqlarına uyğun gəlir. Əminəm ki, bu, regionda sülh, təhlükəsizlik və inkişafa töhfə verəcək və bütün türk dünyası, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaqdır. Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən çox önəmli Zəngəzur dəhlizinin yaradılması əməkdaşlığı daha da gücləndirəcək, habelə ticarət dövriyyəsinin artmasına xidmət edəcəkdir. Ümid edirik ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.