Dekabrın 30-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində körpünün altına və qayalıq əraziyə xüsusi partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub.
ANAMA-dan bildiriblər ki, daxil olmuş məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları Daxili İşlər Nazirliyinin Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə dərhal həmin əraziyə göndərilib. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vaxtilə nəzərdə tutulmuş təxribatın qarşısının alınması məqsədilə agentliyin mütəxəssisləri Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə kənd ərazisində xüsusi antiterror əməliyyatı həyata keçiriblər. Xüsusi əməliyyat nəticəsində körpünün altına yerləşdirilmiş 1 ədəd partlayıcı qurğu (tərkibi: 80 kiloqram plastik partlayıcı maddə, 2 ədəd elektrik detonatoru və 20 m detonasiya qaytanı) və qayalıq əraziyə yerləşdirilmiş 1 ədəd digər partlayıcı qurğu (tərkibi: 37 kiloqram plastik partlayıcı maddə, 25 kiloqram amonium-nitrat tərkibli partlayıcı, 2 ədəd elektrik detonatoru və 15 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.
Ümumiyyətlə, dekabrın 29-30-da agentliyə daxil olmuş məlumatlar əsasında Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində həyata keçirilmiş xüsusi antiterror əməliyyatları zamanı düşmən tərəfindən 2 körpünün altına və qayalıq əraziyə yerləşdirilmiş 3 ədəd partlayıcı qurğu (tərkibi: 275 kiloqram plastik partlayıcı maddə, 150 kiloqram amonium-nitrat tərkibli partlayıcı, 8 ədəd elektrik detonatoru və 65 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.
Düşmən işğalından azad olunmuş rayonlarda agentliyin xüsusi mobil əməliyyat qrupları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbirləri davam etdirilir.