Ukrayna Prezidenti Volodimir Zelenski Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşüb.
Görüş Nyu-Yorkda “Trump Tower”də olub.
Zelenski Trampa görüş üçün təşəkkür edərək, onların son şəxsi görüşündən 5 il keçdiyini qeyd edib.
Zelenski ilə görüşü zamanı Tramp ümid etdiyini bildirib ki, seçkidə qalib gəlsə, andiçmə mərasiminə qədər Ukraynadakı münaqişənin hər iki tərəfi üçün yaxşı həll yolu tapacaq.
Zelenski deyib ki, o və Tramp Ukraynada müharibənin dayandırılmsı və Putinin qalib gələ bilməyəcəyi ilə bağlı eyni fikirdədirlər. Zelenski ABŞ prezidentliyinə hər iki namizədlə görüşün vacib olduğunu bildirib.
Tramp görüşdə həmçinin bildirib ki, Ukrayna inanılmaz sınaqlardan keçir: “Biz qələbə planını müzakirə edəcəyik və hansı mövqeyə gələ biləcəyimizi görəcəyik”.
“Mənim Zelenski ilə, prezident Putinlə çox yaxşı münasibətim var. Düşünürəm ki, seçkidə qalib gəlsək bunu çox tez həll edəcəyik” -deyə Tramp əlavə edib.