Ərdoğan Türkiyə ermənilərinin patriarxına məktub yazıb

25 Aprel 2020 - 08:50

“Dünya xalqlarına böyük dərdlər yaşadan Birinci Dünya Müharibəsinin ağır şərtləri altında həyatını itirən osmanlı ermənilərini hörmətlə yad edir, onların nəvələrinə səmimi başsağlığımı çatdırıram. Bu vəsilə ilə bu ağır dönəmdə hayatını itirən bütün osmanlı vətəndaşlarına Allahdan rəhmət diləyirəm”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ermənilərin soyqırım günü kimi qəbul etdikləri 1915-ci ildə baş verən hadisələrin ildönümündə Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyana məktubda yazıb.

“Bütün dünya ilə biriklə keçirdiyimiz bu çətin günlərdə vətəndaşlarımız arasındakı bu həmrəylik güclənməkdə davam edir,” Ərdoğan əlavə edib.

Heç bir Türkiyə vətəndaşının etiqadı ve etnik mənsubiyyəti üzündən “özgələşdirilməsinə” və “ayrıseçkiliyə məruz qalmasına” icazə verilmədiyini vurğulayan Türkiyə lideri tarixdən qisas almaq istəyənlərə fürsət verilməməli olduğunu bildirib:

“Hər birimizin ortaq məqsədi keçmişdən yalnız dostluq və eyni yüksək insanlıq idealı üçün güclənərək gələcəyi birlikdə qurmaqdır. Anadolunun qoynundan çıxan vəhdətimizıə məhəl qoymayaraq tarixdən qisas almaq istəyənləri hamımız tanıyırıq. Bizim ən böyük arzumuz birlik, firavanlıq və əmin-amanlıq dolu bir gələcək istəyən və bunun üçün çalışan vaxt, başqa niyyəti olanlara fürsətin verilməməsidir,” o yazıb.

Ərdoğan məktubunu “Mən bir daha Birinci Dünya Müharibəsində həyatını itirən osmanlı ermənilərini hörmət və rəhmətlə yad edirəm” deyə tamamlayıb.

Hər il aprelin 24-də dünya boyu ermənilər 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərini soyqırım olaraq yad edir və bunun rəsmən dünyada soyqırım kimi tanınmasını tələb edirlər.

2019-cu il dekabrın 12-də ABŞ Senatı erməni soyqırımının tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib.

Bundan az sonra ABŞ Dövlət Departamenti bildirib ki, Konqresin erməni soyqırımını tanımasının Prezident Donald Tramp administrasiyasının siyasəti ilə əlaqəsi yoxdur.(Amerikanın Səsi)