Əlilliyin təyini ilə bağlı meyarlarda nələr dəyişəcək?

Vətən müharibəsi zamanı müxtəlif əzalarını itirən şəxslərə əlillik qrupunun təyini ilə bağlı çoxsaylı şikayətlər var. Səslənən iradlardan sonra Azərbaycanda əlilliyin təyini ilə bağlı meyarların dəyişdiyi açıqlanıb. Məlumatlara görə, artıq əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təkmilləşdirilmiş layihə işləyib hazırlayıb.

Sputnik Azərbaycan əlilliyin təyini ilə bağlı meyarlarda nələrin dəyişəcəyini araşdırıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib. Sənədə əsasən, xəstəlik, çatışmazlıq və zədə fəsadlarının insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasına səbəb olan orqanizmin funksiyalarının itirilməsi faizlərlə ifadə olunacaq. Onun sözlərinə görə, yeni meyarlarda əlilliyin qiymətləndirilməsi zamanı insanın 7 əsas həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınacaq: “Bunlar özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti bacarığıdır. Əlilliyin qiymətləndirilməsi meyarlarına əsasən, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması insan orqanizmi funksiyalarının 81-100% itirilməsi IV dərəcə, 61-80% itirilməsi III dərəcə və 31-60% itirildiyi hallarda isə II dərəcə təyin ediləcək. İnsan orqanizmi funksiyalarının I dərəcə itirilməsi zamanı (10-30%) yalnız peşə xəstəliyi və əmək zədəsi olduğu hallarda qiymətləndirilmə aparılır. 18 yaşınadək uşaqlara sağlamlıq imkanlarının məhdudluğu insanın həyat fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə məşğul olmaq bacarığı istisna olmaqla) hər üç məhdudlaşma dərəcəsi mövcud olduğu və uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən ediləcək”.

Agentlik sözçüsü bildirir ki, “Əlilliyin müəyyən olunması meyarları” hazırlanarkən bu sahədə Rusiya, Avstriya, Böyük Britaniya, Almaniya və ABŞ kimi ölkələrin ən qabaqcıl beynəlxalq təcrübəsi öyrənilib, Avropa İttifaqının “fiziki və əqli əlilliklə bağlı reytinq dərəcəsi” sənədi təhlil edilib, Dünya Səhiyyə Təşkilatının standart diaqnostik aləti olan “Xəstəliklərin Beynəlxalq Təsnifatı” və “Funksionallığın Beynəlxalq Təsnifatı”ndan geniş istifadə olunub. “Əlilliyin müəyyən olunması meyarları” yaxın aylarda ölkə rəhbərliyi tərəfindən təsdiq olunsa, Milli Məclisə təqdim ediləcək”.

O ki qaldı hal-hazırda əlilliyin qiymətləndirilməsinə, G.Rzayeva bildirdi ki, hazırda əlilliyin qiymətləndirilməsi Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun həyata keçirilir: “Hazırkı qanunvericiliklə ayağın dizdən aşağı amputasiyası zamanı şəxsə 3-cü dərəcə əlillik, hər iki ayağın amputasiyası zamanı 1-ci dərəcə əlillik, dizdən yuxarı amputasiya olarsa, ikinci dərəcəli əlillik müəyyən edilir. Yeni meyarlarla təyinat isə orqanizmin funksiyalarının itirilməsi ilə müəyyənləşdiriləcək”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda əlilliyin qiymətləndirilməsi ilə bağlı meyarlar Azərbaycanın tərəfdar çıxdığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BTM Konvensiyasına uyğun deyil: “Ona görə də bu meyarları müasir meyarlarla əvəz etmək lazımdır. Məsələn, faiz göstəricisi ilə və sair. Artıq bu zaman qiymətləndirmə düzgün aparıla bilər. İstənilən halda insanın vəziyyəti düzgün qiymətləndirilməlidir. Biri var insanın ayağı diz topuğundan olmasın, biri də var ki, çanaqdan olmasın. Bunlar mütləq şəkildə fərqləndirilməlidir. Protezləşmədə hansının asan olması nəzərə alınmalıdır. Məsələn, dizdən aşağı ayağı olmayanlar müasir protezlə futbol belə oynaya bilir. Bud çanağından olanda mümkün deyil” deyə S. Məmmədov bildirir.

O ki, qaldı qazilərə əlilliyin təyin edilməsinə, S. Məmmədov deyir ki, əlilliyin qiymətləndirilməsində tibbi nöqteyi nəzərdən fərq qoyula bilməz: “Müharibə əlillərinə əlavə müavinət verilir. Amma əlilliyə görə pensiyaların özündə də müəyyən artımlar olmalıdır. Bununla belə avtoqəzada ayağını itirənlə müharibədə itirənlərə əlilliyin qiymətləndirilməsində fərq qoyulması, başqa diaqnozlar qoyulması mümkün deyil. Çünki, tibbi nöqteyi nəzərdən də yanaşma vahid olmalıdır. Mən hesab edirəm ki, meyarlar dəyişməli, müasirləşdirilməlidir. Vətən müharibəsində əlillik alan şəxslərlə bağlı məsələ istisna hal kimi başqa qaydada həll edilməlidir. Mən də onun tərəfdarıyam ki, müharibə əlillərini incitmək, küsdürmək olmaz. Baxırsan ki,cavan oğlanlardı, ayağını, əlini, gözünü itirib. Onlar müasir texnologiyanın imkan verdiyi bütün bərpa proseslərini keçməlidirlər. Eyni zamanda dövlət onlara yaxşı müavinət verməlidir. Düşünürəm kİ, həmin kateqoriya üçün müavinətdən əlavə ödəniş nəzərdə tutula bilər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib ki, hazırkı qanunvericilik müfəssəl deyil və günün tələblərinə cavab vermir: “Dövlət başçısının tapşırığı ilə yeni əlillik meyarları işlənib hazırlanıb. Əvvəllər əlillik meyarları dar çərçivədə – üç qrupda müəyyənləşdirilirdisə, yeni layihədə əlillik dərəcəsinin faizlə qiymətləndirilməsi nəzərdə tutulur. Yeni layihə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən hazırlanıb. Burada ən yaxşı beynəlxalq təcrübə öyrənilib. Həmçinin, bu, 120 vərəqlikdir, kifayət qədər meyarları əhatə edir. Əlillik meyarları sahəsində islahatlara uzun müddət tələb olunur. Bir ildən çoxdur ki, bu proses gedir. Çətinlik odur ki, bütün qanunvericilik dəyişilməlidir. Artıq layihə Nazirlər Kabinetinə təqdim edilib. Yaxın aylarda ölkə rəhbərliyi tərəfindən təsdiq olunsa, Milli Məclisə təqdim ediləcək. Növbəti ildən artıq yeni meyarlar tətbiq olunacaq”.

Nazirlik rəsmisi sosial şəbəkələrdə əlilliyin təyinatı ilə bağlı şikayətlərə də aydınlıq gətirib. O bildirib ki, indiyə qədər əlillik təyinatları hazırkı qanuna əsasən müəyyənləşdirilirdi: “Yaranan narazılıqlar əlilliyin müəyyən olunmasında meyarların köhnəliyindən irəli gəlir. Bu qanun təkmil olmadığından qeyd olunan narazılıqlar ortaya çıxırdı. Bütün nazalıqlar Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən diqqətdə saxlanılır. Xüsusilə də qazilərimizin əlilliyinin sürətlə və operativ şəkildə müəyyənləşdirilməsi sahəsində nazirlik tərəfindən iş aparılır. Bununla bağlı Nazirlər Kabinetinin 13 yanvar tarixli qərarı ilə xüsusi komissiya yaradılıb və Əmək və əhalinin sosial müdafiəsi naziri bu komissiyaya sədr təyin edilib”.

Nazirlik rəsmisi vurğulayıb ki, yeni meyarlarla təyinat isə orqanizmin funksiyalarının itirilməsi ilə müəyyənləşdiriləcək: ” Məsələn, birinci qrup əlilliyə orqanizmin funskiyalarının 80 faiz itirilməsi uyğun olacaq”.

Nazirliyin şöbə müdiri indiyədək 105-dən çox Vətən Müharibəsi qazisinə əlillik təyinatı verildiyini deyib: “Hərbçilərin əlilliyinin təmin olunması üçün ilk növbədə ordudan tərxis olunmalıdırlar. Əliliyinin müharibə ilə bağlı olması müəyyənləşdirilməlidir. Bu isə Müdafiə Nazirliyinin Tibb İdarəsi tərəfindən xəstəlik haqqında şəhadətnamədə müəyyənləşir. Artıq 8500-dən çox qazi evində müayinə olunub. 300-dən çox qazi barədə protokol tərtib edilib. 105-dən çox qaziyə isə əlillik təyinatı aparılıb”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gədəbəy sakini ehtiyatsızlıqdan öz maşınının altında qalıb

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi