100 yaşlı Heydər Əliyev QMİ-nin tarixində necə xatırlanır?

2023-cü il Azərbaycanın ümumilli lideri Heydər Əliyevin 100 illik yubilyeyi ilə yadda qaldı. Bu dahi şəxsiyyətin yubileyi bütün ölkə boyu qeyd edildi.

Müstəqil Azərbaycanın memarı sayılan mərhum Heydər Əliyevin siyasi irsi ölkəmizin ictimai həyatı üçün misilsiz mirasdır.

Heydər Əliyev ölkə dindarlarının həyatında da böyük iz qoymuş siyasi xadim olub. Qafqaz Müsəlmanları İdarəsi də “Heydər Əliyev ili” çərçivəsində il boyu müxtəlif anım tədbirlərində iştirak edib.

Dekabr ayında QMİ-nin təşəbbüsü ilə Bakıda, Qubada, Kürdəmirdə, Goranboyda, Ağdaşda, Balakəndə, Salyanda, Şəkidə, Masallıda, Sumqayıtda, Gəncdə, Bərdədə,Siyəzəndə, Tərtərdə, Lənkəranda, Şamaxıda – ölkənin 15 şəhərində və paytaxtında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

Bu konfranslarda H.Əliyevin Azərbaycan tarixində tutduğu yer, milli-mənəvi dəyərləri qoruyan ictimai xadim, xalqı birləşdirən siyasi lider kimi fəaliyyəti haqqında danışılıb.

Heydər Əliyev və QMİ, onun sədri Şeyxülislam Allahşükür Paşazadə arasında həmişə qarşılıqlı etimada əsaslanan münasibətlər bərqərar olub.  Dövlətin ən çətin və böhranlı zamanlarında Şeyxülislam dövlət başçısının, xalqın yanında olub və Azərbaycanın ağır vəziyyətindən çıxarmaq üçün dindarların vahid cəbhəsini yaradıb.

 

Bu dostluğun və əməkdaşlığın tarixi isə SSRİ zamanına gedib çıxır.

SSRİ dövründə yüksək dövlət postunu tutmuş Heydər Əliyev cəmiyyətdə mənəvi keyfiyyətinin formalaşmasında dinin rolunu vacibliyini qiymətləndirirdi. Ateist rejimdə çalışan dövlət rəhbəri olmasına baxmayaraq o, Azərbaycanın minillik tarixi olan inancının qorunmasında öz köməyini əsirgəməyib.

Heydər Əliyev  1980-ci ildə Azərbaycanda ilk tam dini təhsil almış gənc Allahşükür Paşazadənin QMİ sədri və Şeyxülislam vəzifəsinə namizədliyini dəstəkləməklə ölkədə dini cameə üçün tam yeni bir pəncərə açdı. Heydər Əliyev sovet hakimiyyəti zamanında Azərbaycanda dini –mənəvi prinsipləri hucumlardan qoruyan nadir sovet rəhbəri olmaqla dindarlar arasında böyük etimad qazana bilmişdi.

Elə təkcə Gəncə imamzadəsinin dağıdılması ilə bağlı SSRİ mərkəzi hakimiyyətinin qərarının qarşını alan Heydər Əliyev bununla ölkəmizin min illik tarixi izini qorudu. Bu baxımdan A.Paşazadə tam vaxtında bu məlumatı Heydər Əliyevə çatdırmağa imkan tapmışdı. Qəribə məqamdır: Şeyxülislam sovet dövlət rəhbərinə Gəncə imamzadəsinin dağıdılma məlumatını verir. Bu əslində Heydər Əliyevin bir rəhbər olaraq xalqın və o cümlədən dini kəsim arasında etmiadının bariz subutudur. Sovet zamanı üçün bu nadir faktlardan sayılır.

Azərbaycanın ən ağır günlərində -1990-cı 20 yanvar qırğını zamanı Azərbaycanın başına gətirilmiş fəlakətə SSRİ-də diqqəti çəkən iki etiraz sədası yüksəldi. Bakıda Şeyxülisam Allahşükür Paşazadə, Moskvada Heydər Əliyev sovet rəhbərliyini açıq mətnlə sərt ittiham edən ictimai şəxslər oldu.

Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra onun ilk əlaqə saxladığı QMİ oldu. Təzəpir məscidində dindarlarla görüşən prezident öllkədə dini və milli həmrəyliyin qorunmasını ölkə üçün ən vacib prioritet saydığını elan etdi. Bu məsələdə QMİ-nin və Şeyxülislamın üzərinə çox böyük məsuliyyət düşdüyünü bildirdi.

Heydər Əliyevin çıxışında “heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq” sözləri onun mənəvi dəyərlərinə sədaqətindən xəbər verirdi. Təzəpir məscidində dindarlar qarşısında çıxışı zamanı“Allahın yolunda hamımız bir olaq” dedi.

Şeyxülislamın sözlərinə görə, Heydər Əliyev qəlbən hər zaman imanlı insan olub:  “Mən bunun şəxsən şahidi olmuşam. Onun Allah sevgisi, dinimizə müqəddəs yanaşması, ilk növbədə, təbii ki, ailəsindən, mömin valideynlərindən qaynaqlanmışdı. Mən bunu Heydər Əliyevin oğlu İlhamın müsəlman qaydası üzrə kəbinini kəsərkən də, mərhumə Zərifə xanımın vəfatı zamanı ateizm rejiminin qadağalarına baxmayaraq dini duanı oxumağım üçün xüsusi şərait yaradılmasında sonra israrına şahid olduğum zamanlarda da hiss etmişəm”.

Ulu Öndərin ilk sərəncamlarından biri başı bəlalı Bibiheybət məscidinin bərpası ilə bağlı oldu. Məhz Heydər Əliyevin rəhbərliyi  ilə Bibiheybət məscidi təmir olunaraq Azərbaycan müsəlmanlarının istifadəsinə verilmişdi.  1996-cı ildə təməlqoymada şəxsən iştirak edən Heydər Əliyev  1998-ci ilin 12 iyulunda məscidin ilk minarəsinin açılışında iştirak etdi. Prezident İlham Əliyevin iştirakı ilə 2008-ci ilin 14 iyulunda Bibiheybət məscid ziyarətgahının artıq tam kompleks olaraq açılışı oldu.

Mərhum dövlət başçısı Bibiheybət məscidinin açılışında çıxışı zamanı QMİ və onun sədrinin fəaliyyətini yüksək qiymətləndirmişdi. “Bizim doğma islam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidmətləri var”. -deyə Prezident vurğulamışdı.

Heydər Əliyevin ilk gündən dini həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı apardığı bütün siyasətin əsasında QMİ ilə əməkdaşlıq başlıca yer tutub. Bu əməkdaşlıq Azərbaycanda dini sabitliyi qoruyub, yad ideoloji qrupların ölkəyə ayaq açmasına imkan verməyib. QMİ sədrinin məzhəb fərqi qoymadan bütün müsəlmanlar üçün vahid iman prinsiplərini rəhbər tutması ölkənin dini camesində həmrəyliyin yaranmasında mühüm rol oynayıb.

QMİ Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanın dövlət maraqlarının qorunmasında, o zaman üçün ağır məsələ olan Qarabağ probelminin dünyanın mötəbər platformalarına daşımaqda var gücünü sərf edirdi.

Bakı bu illər ərzində yürütdüyü siyasəti ilə dünyada tolerantlığın və multikulturalizmin yaxşı nümunəsini ortaya qoyub. Müsəlmanlar, xristianlar, yəhudilər heç bir maneə olmadan min illərdir etiqadlarını açıq şəkildə ifadə edirlər, fitnəkarlıq cəhdlərinə qarşı birgə kəskin cavab verirlər. Mühüm dövlət tədbirlərində, dini bayramlarda Prezident İlham Əliyevin yanında Şeyxülislamla bərabər oturan digər dini konfessiyaların rəhbərləri dövlətin birgə əməkdaşlıq siyasətinin parlaq tablosunu yaradır.

Azərbaycanda dini narahatlıq doğuracaq hər hansı bir təhlükə yoxdur. İnsanlar inanclarında sərbəstdirlər və onların dini ritualları üçün bütün şərait yaradılıb.

Heydər Əliyevin bu prinsipial siyasi irsi Azərbaycanda dövlət siyasətinin əsas prioriteti elan edilmiş tolerantlığın yaxşı nümunəsini yarada bilib.

Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində inkişaf edir, dünyaya təqdim olunur.

Məhz dövlət rəhbərimizin ardıcıl siyasi iradəsi və təşəbbüskarlığı sayəsində Bakı istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, Forumların ardıcıl keçirildiyi ənənəvi məkana çevrilib.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təməlində milli birlik, ictimai-siyasi sabitlik və vətəndaşların iradəsi dayanan vətəndaş birliyi yaratdı. Bu birliyin kökündə insanların əqidəsinə, mədəniyyətinə hörmət dayanır. O, dövlət-din münasibətlərinin nümunəvi modelini qurdu.

44 günlük Vətən Müharibəsi bir daha tolerantlığımızın sınağı oldu. Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda apardığı müharibə ölkəmizin bütün dini konfessiyaları tərəfindən dəstəkləndi.

…Mərhum Heydər Əliyev 1994-cü ildə Mirmöhsüm Ağanın qəbrini ziyarət edərkən jurnalistin ona verdiyi “ürəyinizdə hansı niyyəti tutmusunuz?” sualına cavabı maraqlı olub: “Bir vaxtlar niyyətim o olub ki, Azərbaycan Respublikası müstəqil dövlət olsun, xalqımız azadlığa çıxsın, istiqlal əldə edilsin. Allaha Şükürlər olsun ki, biz artıq bu günlərə gəlib çıxmışıq. Xalqımız azaddır, özü öz taleyinin sahibidir, bundan sonra da azad olacaqdır. Mənə elə gəlir ki, bütün bunlar Vətənini, xalqını sevən hər bir vətənpərvər azərbaycanlının niyyəti olub. Uzun illər dövlət işləri ilə və siyasi fəaliyyətlə məşğul olduğum üçün bu fikirlər bəlkə də mənə daha doğma, daha əziz olub. Niyyətimizə çatmışıq”.

Heydər Əliyevə möhkəm hakimiyyət qurmağa və müstəqilliyin ilk illərində dövlətin mövcudluğu üçün hüquqi, siyasi və iqtisadi əsasları bərqərar etməyə müyəssər oldu.

Qədirbilən Azərbaycan xalqı bütün bunlara görə Heydər Əliyevin xatirəsini əziz saxlayır, onun bizə qiymətli miras kimi qalmış bu siyasətini dəstəkləyir.

Aydın ABBASOV

 

 

 

FOTO: Gəncə.

FOTO: Lənkəran.

FOTO: Şamaxı

FOTO: Zaqatala

FOTO: Masallı

FOTO: Ağdaş

FOTO: Balakən.

FOTO: Goranboy.

FOTO. Kürdəmir

FOTO: Quba.

 

FOTO: Siyəzən

FOTO: Bərdə.

FOTO: Şəki

FOTO: Sumqayıt.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.