ABŞ Senatının hər iki partiyanı təmsil edən 14 üzvü prezident Donald Trampı Rusiyanın dövlət başçısı Vladimir Putinə dekabr ayında Mayamidə keçiriləcək “Böyük iyirmilik” (G20) sammitinə göndərilən dəvəti geri götürməyə çağırıb.
Bu barədə senatorların məktubunu əldə edən “The Washington Post” qəzeti yazıb.
“Prezident Putin Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı təcavüzkar müharibəyə görə tam məsuliyyət daşıyır”, – deyə müraciətdə bildirilir.
Senatorlar hesab edirlər ki, Rusiya prezidentinin ABŞ-da keçiriləcək sammitdə iştirakı Ukraynaya qarşı hücumların davam etdiyi bir vaxtda Rusiya hakimiyyəti ilə münasibətlərin legitimləşdirilməsinə və normallaşdırılmasına xidmət edə bilər.
Məktubun müəllifləri həmçinin xatırladıblar ki, Putin, Rusiyanın maliyyə naziri Anton Siluanov və Rusiya nümayəndə heyətinin digər üzvləri ABŞ-ın sanksiyaları altındadır. Senatorların fikrincə, Rusiya rəhbərliyinin beynəlxalq təcriddən çıxarılması Moskvanın Ukraynada atəşkəsə razılaşmaq üçün motivasiyasını azalda bilər.
Məktuba Senatın Silahlı Qüvvələr Komitəsinin sədri, respublikaçı Rocer Uiker və Senatın Xarici Əlaqələr Komitəsində aparıcı demokrat Cin Şahin rəhbərlik edib. Sənədi daha 6 demokrat və 6 respublikaçı senator imzalayıb.
Putinə sammitə dəvət göndərildiyini daha əvvəl ABŞ dövlət katibi Marko Rubio da təsdiqləyib. O, sentyabrın 23-də bildirib ki, Vaşinqton Rusiya prezidentinin Tramp və digər dünya liderləri ilə görüşünü qarşılıqlı əlaqə üçün imkan kimi qiymətləndirir.
Bununla belə, Putinin dəvəti qəbul edib-etməyəcəyi hələlik məlum deyil.