Beynəlxalq arxeoloqlar qrupu İndoneziyanın Yava adası sahillərində təxminən 140 min illik itmiş dünyanın izlərini aşkarlayıb.
Pleyistosen dövründə hazırda su altında qalan bu ərazi məhsuldar quru sahəsi olub. Burada nəhəng heyvanlarla yanaşı, qədim insanların Homo erectus növünün nümayəndələri də yaşayıb.
Bu barədə “Quaternary Environments and Humans” jurnalında dərc olunan araşdırmada məlumat verilib.
Okeanın dibində gizlənən qədim ekosistem
Unikal artefaktlar və heyvan sümükləri Surabaya şəhəri yaxınlığındakı Madura boğazında dərinləşdirmə işləri zamanı dənizin dibindən çıxarılıb.
Genişmiqyaslı araşdırma nəticəsində alimlər 6 mindən çox fosil müəyyənləşdiriblər. Onların ən azı 36 müxtəlif qədim heyvan növünə aid olduğu müəyyən edilib.
Bu ərazidə vaxtilə fillər, kərgədanlar, begemotlar və nəhəng öküzlər yaşayıb. Çaylarda isə şirin su timsahları, Komodo varanları və hətta çay köpəkbalıqları məskunlaşıb.
Yava vaxtilə materiklə birləşmişdi
Təxminən yüz minlərlə il əvvəl dünya okeanının səviyyəsi indikindən 100 metrə qədər aşağı olub.
Həmin dövrdə Yava adası Cənub-Şərqi Asiyanın materik hissəsi ilə birləşən nəhəng quru sahəsi olan Sundalandın tərkibində idi. Qədim Solo çayı da həmin ərazidən keçirdi. Bu çayın izləri bu gün Madura boğazının dibində yerləşir.
Qədim insanların ov izləri tapılıb
Alimlər optik stimullaşdırılmış lüminessensiya metodundan istifadə etməklə ərazidəki çöküntülərin yaşını müəyyənləşdiriblər. Nəticələr çöküntülərin 162-119 min il əvvələ aid olduğunu göstərib. Tapıntıların özünün isə təxminən 140 min il əvvəl mövcud olduğu hesab edilir.
Bəzi heyvan sümüklərinin üzərində kəsik və qırılma izləri aşkarlanıb. Tədqiqatçılar bunun heyvan cəsədlərinin qədim insanlar tərəfindən məqsədli şəkildə parçalanması və qida məqsədilə sümük iliyinin çıxarılması ilə bağlı olduğunu düşünürlər.
Heyvanların yaş strukturu da maraqlı nəticə ortaya qoyub. Tapıntılar arasında yetkin heyvanların sayı çox, qoca heyvanların sayı isə demək olar ki, yox dərəcəsindədir.
Alimlər bunu qədim insanların təsadüfi şəkildə leş toplaması ilə deyil, seçici və məqsədli ovçuluq fəaliyyəti ilə əlaqələndirirlər.
Homo erectusun yayılma arealı daha geniş olub
Ərazidə tapılan kəllə fraqmentlərinin Yavanın gec dövr Homo erectus nümayəndələrinə aid olduğu müəyyənləşdirilib. Bu tapıntı qədim insanların sonradan okeanın suları altında qalmış geniş düzənliklərdə də yaşadığını və həmin ərazilərdən fəal şəkildə istifadə etdiyini göstərir.
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf qədim insanların Cənub-Şərqi Asiyada yayılması və həmin dövrdə mövcud olmuş ekosistemlərin necə göründüyü barədə təsəvvürləri əhəmiyyətli dərəcədə genişləndirir.
N.Talıblı