İpoteka və Kredit Zəmanət Fondu daha 90 tam təmirli mənzili satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşların seçiminə təqdim edir. Mənzillərin aylıq ödənişi 445 manatdan başlayır.

Yeni mənzillər Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində yerləşir. Fondun məlumatına görə, mənzillərin 31-i Bakının Binəqədi rayonunda, Cəfər Xəndan küçəsindəki yaşayış kompleksində, 31-i Sumqayıt şəhəri, Sülh prospektindəki kompleksdə, 28-i isə Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsindəki yaşayış kompleksində yerləşir.

Təklif olunan mənzillər 1, 2 və 3 otaqlıdır və tam təmirli vəziyyətdədir.

Mənzillərin seçimi 1 dekabr 2026-cı il tarixində saat 15:00-dan etibarən başlayacaq. Vətəndaşlar təklif olunan mənzillərin siyahısı ilə Fondun təqdim etdiyi keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən aparılacaq. Ərizəçilər müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləyə biləcəklər.

Fondun bildirdiyinə görə, seçim imkanlarının bərabər təmin edilməsi məqsədilə imtinalar nəticəsində yenidən boşalan mənzillər də hər iş günü saat 11:00-dan başlayaraq elektron sistem vasitəsilə seçimə çıxarılır.

Satmaq öhdəliyi ilə kirayə mexanizmi barədə ətraflı məlumatı İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsindən, “YouTube” kanalından və ya 1549 Çağrı Mərkəzindən əldə etmək mümkündür.