Rusiya Federasiyasının Uzaq Şərq bölgəsində faciə baş verib. AzPost xəbər verir ki, Amur vilayətinin Svobodnenski rayonuna aid Moskvitino kəndində 2009-cu il təvəllüdlü yeniyetmə yüksək gərginlikli elektrik xəttinin dirəyinə qalxdıqdan sonra güclü cərəyan vurması nəticəsində həyatını itirib.
Hadisə barədə məlumatı rayon rəhbəri Elvira Aqafonova öz “Telegram” kanalında təsdiqləyib. Onun sözlərinə görə, kənddə baş verən bu faciə bütün ictimaiyyəti sarsıdıb.
İlkin məlumata əsasən, 9-cu sinif şagirdi kəndin avtobus dayanacağı yaxınlığında yerləşən elektrik dirəyinə çıxıb. Məhz həmin an güclü elektrik cərəyanı onu vuraraq həyatına son qoyub.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Ekspertiza və istintaq tədbirlərinin nəticəsində faciənin bütün detalları dəqiqləşdiriləcək.