“19 sentyabr əməliyyatına 10 dəqiqə qalmış Rusiyaya xəbərdarlıq edilib” –HİKMƏT HACIYEV

“Ağ Ev Azərbaycan və Ermənistan arasında vasitəçilik rolu oynamaq istəyirsə, Bayden administrasiyasının üzvləri fərqli münasibət nümayiş etdirməlidirlər”.

Azpost.info ABŞ-ın Newsweek nəşrinə istinadən bildirir ki, bu sözləri Londonda keçirdiyi brifinqdə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Amerikanın bu məsələdəki birtərəfli mövqeyi Bakının narahatlığına səbəb olub.

Hikmət Hacıyev 907-ci düzəlişi ABŞ Konqresinin tarixində ən ədalətsiz qərar adlandırıb: “Azərbaycanın xaricdən heç bir yardıma və ya dəstəyə ehtiyacı yoxdur. Azərbaycan özünü təmin edən bir ölkədir. Lakin burada psixoloji və siyasi aspekt çox mühümdür, çünki bu Azərbaycanla ədalətsiz davranış idi”.

Hacıyev deyib ki, belə davranış Vaşinqtonun ədalətli vasitəçi olmasına imkan vermir: “Elə ki, bu aradan qaldlrıldı, bizim heç bir problemimiz olmayacaq və biz Vaşinqton platformasında sülh müzakirələrini davam etdirə biləcəyik”.

H.Hacıyev brifinqdə deyib ki, Rusiya tərəfinə 19-20 sentyabr əməliyyatına 10 dəqiqə qalmış xəbərdarlıq edilib və buna görə də əməliyyatın Moskva ilə koordinasiyada keçirilməsinə dair iddialar tamamilə əsassızdır.

Hacıyev qeyd edib ki, Rusiyanın buna heç bir reaksiya göstərməməsi Bakını təəccübləndirməyib, çünki legitimlik Azərbaycanın tərəfində olub.

Prezident müşaviri qeyd edib ki, Azərbaycan-Ermənistan danışıqlarında daha bir irəliləyişin proqnozunu vermək çətindir, amma indi sülh müqaviləsinin qarşısında heç bir ciddi maneə qalmır: “Burada söhbət nüvə fizikasından və ya raket elmindən getmir. Biz beynəlxalq qanunun çox təməl prinsiplərindən bəhs edirik. Azərbaycan özünün tam suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Biz indi regionumuzda tamamilə yeni reallıqla üzləşmişik. İndi Azərbaycanın strategiyası sülhü qazanmaqdır. Amma sülhün əldə olunması üçün tanqo rəqsində olduğu kimi hər iki tərəfdən hərəkət tələb edir”.

Hacıyev Bakının daha çox regional həllərə üstünlük verdiyini deyib, amma əlavə edib ki, Bakı Vaşinqtonda, Moskvada və ya Brüsseldə keçirilə biləcək sülh danışıqlarını da istisma etmir: “Sülhün toxumları regionda, Bakıda və Yerevandadır. Bizim başqa partnyorlarımız bizə irəliləməkdə kömək edə bilərlər. Amma biz bəzən görürük ki, vasitəçilərimiz arasında vasitəçilik etməyə çalışırıq”.

Hikmət Hacıyev Azərbaycanın Naxçıvana dəhlizi hərbi yolla açmağa hazırlaşdığına dair iddiaları rədd edib: “Azərbaycanın heç bir hərbi məqsədləri qalmayıb və bizim üçün qarşıdurma bitib. Azərbaycan layiq olduğunu əldə edib”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.